Paytaxt turu


Yeni tikilən göydələnlər, salınan yeni parklar, təmir və bərpa edilən tarixi binalar Bakının simasını gündən-günə dəyişir, gözəlləşdirir. Yaradılan şərait qədimliyi və müasirliyi ilə gözoxşayan paytaxtımızı dünyanın yaraşıqlı şəhərlərindən biri etməklə yanaşı, şəhərin landşaftını daha da zənginləşdirir, sakinlərin istirahətinə əlavə rəng qatır. Bakının özünəməxsus şəhər koloritini və harmoniyasını təmin edən məkanlar silsiləsindən növbəti yazıda Dədə Qorqud parkından söz açacağıq.

Dədə Qorqud parkı son illər paytaxtımızın gözəlliyinə əlavə olunan yeni bir inci olduğunu desək, heç də yanılmarıq. Park estetik görkəmi ilə yanaşı, keçmişimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, tariximizə verilən önəmin bariz göstəricisidir.
Yaşı minilliklərin o tayına gedib çıxan “Kitabi-Dədə Qorqud” dastanının müasir dövrdə öyrənilməsi, dünyada geniş təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, milli kinomuzun dəyərli nümunələrindən olan “Dədə Qorqud” bədii filmi (rejissor Tofiq Tağızadə) çəkilib. 2000-ci ildə ulu öndərin fərmanı ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə Bakıda, eləcə də UNESCO səviyyəsində qeyd olunub.
Mədəni və tarixi dəyərlərimizə böyük diqqət və qayğı göstərən ümummilli lider həmçinin Bakıda Dədə Qorqud abidəsinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması barədə sərəncam imzalamışdı. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud” dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verildi. 2013-cü il dekabrın 13-də ölkə başçısının iştirakı ilə park və abidənin açılışı gerçəkləşdi.

Bakının ikinci böyük istirahət məkanı

Paytaxtın Nərimanov rayonunda, “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən Dədə Qorqud parkı Dənizkənarı Milli Parkdan sonra şəhərin ikinci böyük istirahət məkanıdır. Bura əvvəldən də yaşıllıq bir məkan olub, sovet dövründə burada uşaq dəmiryolu şəhərciyi yerləşirdi. 1950-ci illərdə əkilən ağaclar arasında şam, sidr, qovaq və s. ağaclara rast gəlmək olar. Sovetlərdən sonra bu məkan baxımsızlıq üzündən görkəmini itirmişdi.
Ərazidə həyata keçirilən geniş tikinti və abadlıq işləri nəticəsində 6 hektar sahədə Dədə Qorqud parkı salınıb. Yaşı yarım əsri adlayan ağaclarla yanaşı burada yeni ağac və gül kolları əkilib, müxtəlif çiçəklərin yaraşıq verdiyi yaşıllıq sahələri yaradılıb.

Parkda süni göl

Parkın ən diqqətçəkən məkanı təxminən iki hektar sahədə yaradılan süni göldür. Yayın qızmarında dənizkənarı bulvara getməyə macal tapa bilməyənlər, özəlliklə yaxın ərazilərin sakinləri bu gölün sahilində sərinlik tapırlar. Parkda abadlıq-quruculuq işləri “Azimport” MMC tərəfindən həyata keçirilib. Süni gölün yaradılmasında şirkətin mühəndis və işçiləri ilə yanaşı, xarici mütəxəssislər də iştirak ediblər.
Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilib. Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilib. Yaradılan göl əraziyə ecazkarlıq bəxş etməklə yanaşı, həmçinin havanın təmizlənməsində də xüsusi rol oynayır. Gölün yuxarı hissəsində süni şəlalə yaradılıb. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənib, müasir işıqlandırma sistemi qurulub, skamyalar qoyulub.
Parka istirahətə gələnlərin xüsusi qayıqlarla gəzintiyə çıxa bilmələri üçün şərait də yaradılıb. Bunun üçün süni gölün sahilində iki kiçik liman inşa edilib. Bundan əlavə, süni şəlalənin alt hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpülər inşa olunub.

Tarixin daş üzərində təcəssümü

Əsas girişi Ceyhun bəy Hacıbəyli küçəsindən olan park Dədə Qorqud abidəsinə açılır. Heykəltəraş Göyüş Babayevin yaratdığı abidədə təkcə oğuz elinin böyük və müdrik ağsaqqalı Dədə Qorqudun yox, bütövlükdə dastanın 12 boyunda təsvir edilmiş hadisələrin əsas motivləri orijinal şəkildə əks olunub. Heykəldəki ağac bir simvoldur. Kökü yerdə, amma özü səmaya yüksələn bir ağac. Bu, Azərbaycanda dastan qəhrəmanına deyil, geniş mənada dastana ucaldılmış ilk heykəltəraşlıq nümunəsidir. Parkın Azərbaycan Diplomatik Akademiyasının yanında yerləşdiyini nəzərə alsaq, Dədə Qorqud abidəsinin bu tədris ocağının əcnəbi tələbələrinə, buraya gələn qonaqlara xalqımızın tarixi və mədəniyyəti haqqında əyani məlumat çatdıran dəyərli bir əsər olduğunu qeyd edə bilərik.

Sakinlər parkda yaradılan şəraitdən məmnundurlar

Park Dədə Qorqud qopuzunun səsinin min illəri aşaraq bizə çatdığı bir məkandır. Bunu parkda görüşüb söhbətləşdiyimiz paytaxt sakinləri də dilə gətirdilər.
Salman Hətəmov parkda yaradılan şəraitdən razılığını bildirir: “Bu, paytaxtın ən böyük parklarından biridir. Sakinlərin istirahəti üçün hər bir şərait yaradılıb, geniş yaşıllıq zolaqları salınıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanıdır”.
Təqaüdçü Vahid Məmmədov demək olar ki, hər gün parka istirahət etməyə gəlir. Deyir ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb: “Mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Sevindirici hallardan biri də odur ki, əvvəllər burada tıxac çox olduğu üçün maşınların səsindən heç evdə də istirahət edə bilmirdik. Amma park salınarkən yol genişləndirildiyi üçün artıq belə problemimiz olmur”.

Fariz Hüseynov