«Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən teatr bayramının təəssüratları hələ uzun müddət yaddaşlardan silinməyəcək. Əslində burada təəccüblü heç nə yoxdur: gözəl, sakit və təmiz şəhər, gülərüz sakinlər, yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərlik, maraqlı görüşlər, bir-birindən fərqli kollektivlər, düşünmək və yazmaq üçün mövzu verən tamaşalar, yeni tanışlıqlar, dağlar qoynuna sığınmış hoteldə istirahət. Bura ləzzətli və bol çeşidli mətbəxi, dadı dillərdə əzbər olan Şəki şirniyyatını da əlavə edin...
Şəkidə keçirdiyimiz 9 gün ərzində qonaqlarımızla teatr haqqında, onların sənət düşüncələri barədə xeyli söhbət etdik. Qəzetimizin növbəti buraxılışlarında onları oxucularımıza təqdim edəcəyik.
Hələliksə...

Yol uzun, söhbət şirin...

... İş elə gətirdi ki, Bakıdan Şəkiyə TÜRKSOY-un Teatr direktorları şurasının üzvləri ilə birgə yola düşdük. Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Moldovanın Qaqauz Yeri muxtar bölgəsindən gəlmiş teatr rəhbərləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilə yol yoldaşı olmaq, söhbətləşmək xoş idi. Türk qardaşlarımızın bəzisi əvvəllər Bakıda olsalar da, Azərbaycanın tarix və mədəniyyəti barədə sualları çox idi. Qonaqlarımız avtobusun pəncərəsindən görünən mənzərələrə maraqla tamaşa edir, yol boyu gördükləri abadlığa, qəsəbə və kəndlərin yeniləşən görkəminə, təzə salınan yaşıllıqlara heyranlıqlarını gizlətmirdilər. Dənizlər arxasından gəlmiş qonaqlar üçün bu görüntülər həm də azərbaycanlıların güzəranının, məişət mədəniyyətinin əksi idi.

Dağlar qoynunda Şəki...

Şəkiyə bir neçə dəfə gəlmişəm. Hər hansı tədbiri işıqlandırmaq üçün ezamiyyət də olub, eləcə havamızı dəyişmək üçün istirahət də. Hər dəfə bir məqam özünü daha qabarıq göstərib. Şirindilli, baməzə adamları, səhər sübhdən gecədən keçənədək açıq olan şirniyyat dükanları, restoran və kafeləri ilə, ildən-ilə daha da çoxalan turistlərə hörmətcil və eyni zamanda təmkinli münasibəti ilə Şəki həm də əsl turizm şəhəridir.
Şəhərin yaşlı əhalisi Azərbaycan dilindən başqa rus dilində fikrini ifadə etməyi bacarır, gənclər isə daha irəli gedərək Türkiyə türkcəsində və ingilis dilində də danışırlar. Şəhərin mədəni həyatının sönük keçməməsi, ən əsası turizmin inkişafı Şəki və ətraf kəndlərin gənclərini doğma yurddan uzaqlaşmağa qoymur. Bir sıra bölgələrimizə nisbətən cavanların daha çox olması da bu şəhərin həyatının daha canlı və yeniliklərə daha açıq olduğunu şərtləndirir.

Bayrama hazırsınızmı?

Yəqin ki, festivalın bayram demək olduğunu bilirsiniz? Bayram kəlməsi insanda şənlik, istirahət ovqatı doğurur. Amma... Bu yerdə nə vaxtsa eşitdiyim bir fikir yadıma düşür: «Toya ona görə toy dedilər ki, camaat əziyyətindən qorxmasın»... Elə sənət bayramı da toy kimi bir olaydır. Festival - təşkilatçılar, xüsusən də qonaqları qəbul edən tərəf üçün gərgin iş rejimi və məsuliyyət deməkdir. İştirakçıların dəvəti, onların oynayacaqları tamaşaların videoyazılışının seyri və festival proqramı üçün seçilməsi, xaricdən gələn qonaqların qarşılanması, yerləşdirilməsi, yola salınması, onların göstərəcəyi tamaşalarda yarana biləcək texniki problemlər və bütün bunların vaxtında həlli...
Artıq ikinci dəfə Şəkidə beynəlxalq teatr festivalının iştirakçısı kimi deyə bilərəm ki, təşkilatçılar bu işin öhdəsindən layiqincə gəldilər. Tamaşaların göstərildiyi S.Rəhman adına Şəki Dövlət Dram Teatrının, şəhər Mədəniyyət və Turizm şöbəsinin kollektivi, İcra Hakimiyyətinin məsul nümayəndələri Şəkinin adı ilə bağlı «Üç məkan» festivalının nizamınca baş tutmasından ötrü bacardıqlarını əsirgəmədilər.

Qonaqların ürək sözləri

...Birinci festivaldan fərqli olaraq, təşkilatçılar bu dəfə teatr tənqidçisi və teatr təşkilatçısı da dəvət etmişdilər. Təbii ki, biz də onların Azərbaycan, Bakı, Şəki və festival barədə fikirləri ilə maraqlandıq.

İbrahim Assiri (Səudiyyə Ərəbistanı):
- Beş gün əvvəl məndən soruşsaydınız ki, Azərbaycan barədə təəssüratınız necədir, onda bu suala daha asan cavab verərdim. Amma bu gün özümü yarı Səudiyyə ərəbistanlı, yarı azərbaycanlı hiss edirəm. Azərbaycan mənim üçün mədəniyyət ölkəsi, dostlarımın məkanıdır.

Valentina Fyodorova (Rusiya):
- Ömrümdə ilk dəfə Azərbaycana gəlirəm. Təyyarədən düşəndən Bakıya, paytaxtdan çıxandan bəri isə Azərbaycana heyran olmuşam. Bu torpaqda insan özünü güvənli, arxayın hiss edir. İnsanlarınız çox qonaqpərvərdir.

Artyom Vusik (Ukrayna, «Prekrasnıye svetı» teatrı):
- Bu şəhərə heyran olduq. Ona əyalət şəhəri deməyə dilim gəlmir. Təşkilatçılar tamaşamız üçün gərək olan iri dekorasiyaları özümüzlə Xarkovdan gətirməyə qoymadılar. Özləri burada tamaşamızın uğurlu keçməyindən ötrü heç nəyi əsirgəmədilər. Böyük məmnuniyyətlə Bakıda da, Azərbaycanın digər şəhərlərində də çıxış edərdik. Biz Kişdəki alban məbədində olduq, dualar etdik. Oranın çox qəribə bir aurası var. İnanıram ki, hər şey yaxşı olacaq.

Vyaçeslav İqnatov (Rusiya, «Tvikster» teatrı):
- Elə hey istəyirəm ki, sizin şəhərinizi, insanlarınızı, xüsusən də mətbəxinizi tərifləyim. Moskvaya qayıdan kimi istirahət üçün uzaqlara gedən dostlarıma sizdən bəhs edəcəyəm. Bura həm tarixi yerlərlə maraqlananlar, həm də dağları sevənlər üçün əsl vaxt keçirməli yerdir.

Teatrsevər şəkililər

Şəkidə Avropa üslublu klassik teatr ənənələrinin formalaşma tarixinə dair xeyli fakt sadalamaq olar. Amma təkcə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəni, XX əsrin ortalarında milli komedioqrafiyanın böyük nümayəndələrindən biri Sabit Rəhmanı, müsəlman Şərqində opera bəstələmiş ilk qadın bəstəkar Şəfiqə Axundovanı, görkəmli aktyorlar Lütfəli Abdullayevi, İsmayıl Osmanlını və daha neçə-neçə sənət fədaisini, böyük istedad sahibini bizlərə Şəkinin bəxş etdiyini demək kifayətdir. Bugünkü Şəki tamaşaçısı isə təkcə həssas, sözü göydə tutan arif teatral deyil, o həm də kifayət qədər diqqətli, tolerant şəxsdir. Üstəlik, ən xoşagələn hal budur ki, teatrsevərlərin gənc nəsli də yetişir.
N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrının (Tbilisi) hazırladığı «Sevilya bərbəri» tamaşasının əsas seyrçiləri Şəki məktəbliləri idi. Onların klassik opera janrına fərqli yanaşma tərzində hazırlanmış, üstəlik, uşaqların Azərbaycan dilində nümayiş etdirilən tamaşaya isti münasibəti öz yerində, tamaşaçıların arasında əyləşmiş A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor kimi daha çox populyarlaşmış Qurban Məsimovu tanıyaraq, sərbəstcə ona yaxınlaşmaları, avtoqraf almaları, selfi çəkdirmələri elə tamaşadan sonra bir tamaşa idi.

Son tamaşa, son təltif

Son tamaşanı festival sahibləri - Şəki teatrı oynadı. Tamaşadan əvvəl isə məlum oldu ki, budəfəki tamaşaya bir qonaq da baxacaq. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsdiho Takahaşi Şəkidə işgüzar səfərdədir. Bu axşam o da festivalın bütün tamaşalarını seyr etmiş Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ilə birlikdə tamam fərqli «Vaqif» tamaşasına baxacaq.
Tamaşadan sonra çıxış edən Elxan Usubov bu sözləri dedi: «Şəhərimizdə belə festivalların keçirilməsi göstərir ki, Şəki mədəniyyət və incəsənət paytaxtına çevrilməkdədir. Çox şadam ki, bu işdə mənim də azacıq əməyim var. Bu festivalın keçirilməsində əməyi keçən hər kəsə «çox sağ olun» deyirəm».
İcra başçısı festivalın ənənəvi xatirə hədiyyəsini həm S.Rəhman adına Şəki teatrının kollektivinə, həm «Üç məkan» festivalının keçirilməsində böyük əməyi keçən Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdikdən sonra salondakıları bir sürpriz də gözləyirdi. Xeyli vaxtdır ki, Yaponiyanın ölkəmizdəki səfirliyi şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq Şəkidə 17 layihənin uğurla başa çatması ilə nəticələnib. Səhnəyə dəvət olunan səfir T.Takahaşiyə festivalın fəxri qonağı kimi və Şəkiyə xüsusi diqqətinin müqabilində festivalın xatirə hədiyyəsi təqdim edildi. Səfir cavab nitqində Şəkidə qonaq olduğuna, hətta festivalda iştirak etmədən hədiyyə qazandığına görə minnətdarlığını bildirdi.

Bu da bir tarixdir, yaşadıq...

Əslində hər günümüz, iştirakçısı, şahidi olduğumuz hər hadisə bu gün yaşanan, yazılan tarixdir. Beləcə, «Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı və tarixin səhifəsinə çevrildi. Altı ölkənin müxtəlif teatr kollektivləri fərqli tərzdə və janrda 11 tamaşa ilə çıxış etdilər. Beynəlxalq əhatə dairəsi xeyli genişlənən festival daimi olacağını sübuta yetirdi. Hər hansı festivala aktyorun, teatrşünasın, təşkilatçının fikri, münasibəti çox fərqli olsa da, jurnalistlərin münasibəti bəllidir: davamı gəlsin, biz də sizin fəaliyyətinizdən yazaq.

Gülcahan Mirməmməd
Şəki-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar