Maraqlı yarışmalar, panellər, sərgilər

30 sentyabr - 1 oktyabr tarixlərində Türkiyənin Safranbolu şəhərində 17-ci Beynəlxalq “Altın Safran” sənədli film festivalı keçirildi. 2000-ci ildən Safranbolu Bələdiyyəsi tərəfindən təşkil edilən festivalın məqsədi mədəni mirasın qorunması və gələcək nəsillərə ötürülməsidir. Ənənəvi festival bu dəfə də müxtəlif tədbirlərlə yadda qaldı.
Sentyabrın 30-da şəhərin baş meydanında Atatürk abidəsi önünə çələng qoyulması və “İstiqlal” marşının oxunması ilə başlayan mərasimdə festival məşəli yandırıldı.


“100 il öncə Əhməd Yəsəvi və Türküstan”

Sonra Karabük Universiteti Safranbolu İncəsənət fakültəsinin konfrans salonunda Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun layihə müəllifi olduğu “100 il öncə Əhməd Yəsəvi və Türküstan” fotosərgisi açıldı. Proqrama Karabük valisi Mehmet Aktaş, millət vəkilləri Mehmet Əli Şahin, Burhanəddin Uysal, Karabük bələdiyyə başqanı Rafet Vergili, digər qurumların nümayəndələri, tələbələr, mətbuat mənsubları qatılmışdı. Sərgidə ötən əsrdə Orta Asiya ölkələrində çəkilən fotolar nümayiş etdirilirdi və böyük marağa səbəb oldu.
Ardınca festivalın açılış nitqini söyləyən Safranbolu bələdiyyə başqanı Necdət Aksoy tədbirin məramından bəhs etdi. Bildirdi ki, mədəni irsin qorunması və yaşadılması məqsədi daşıyan festival 2009-cu ildən başlayaraq hər il bir mövzuya həsr olunur: “Builki festivalın mövzusu "Mədəniyyətimizin mənəvi memarları”dır. Safranbolu bütünlüklə bir mədəniyyət şəhəridir. Bu mədəniyyətin meydana gəlməsində, şübhəsiz ki, mənəvi mayalar var. Bəzi şəhərlər mənəvi böyükləri ilə ön plana keçir. Safranbolu da belə bir şəhər olmasına rəğmən, mənəvi böyükləri arxa planda qalmışdı. Bu festival vəsiləsi ilə onları xatırlayaraq bir daha sahib çıxmağı hədəflədik”.
Digər çıxış edənlər də Safranbolunun tarixi özəlliyindən, festivalın əhəmiyyətindən danışdılar. Bildirildi ki, Safranbolu UNESCO-nun Dünya irs siyahısındadır. Bu deməkdir ki, tarixi mirası yalnız rəsmi qurumlar, səlahiyyətlilər deyil, bütün şəhər əhalisi qorumalıdır.
Daha sonra festival çərçivəsində “Əhməd Yəsəvinin Anadoluya təsiri” adlı elmi konfrans işə başladı. Paneldə Əhməd Yəsəvinin həyat və fəaliyyəti ilə bağlı bir sıra məqamlardan söz açıldı, Anadoluda müsəlmanlığa təsirlərindən bəhs edildi. Elmi araşdırmalara əsaslanan məruzələr maraqla qarşılandı.

“Ən yaxşı bərpa edilən ev”

Oktyabrın 1-də Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan və digər rəsmilərin, qonaqların iştirakı ilə “Ən yaxşı bərpa edilən ev” fəxri plaketinin təqdimat mərasimi keçirildi. Bildirildi ki, öz sahibləri tərəfindən tarixi özəlliyi saxlanılmaqla təmir edilən iki mərtəbədən ibarət malikanənin 250 yaşı var və ev ailəsinə abidə-miras olaraq qalıb.
Nazir müavini Mehmet Ceylan, vali Mehmet Aktaş mədəni mirasın qorunması məramına xidmət edən festivalın zəngin tarixi irsi olan Safranboluda gerçəkləşməsinin əhəmiyyətini vurğuladılar.
Təmirdən sonra butik-hotelə çevrilmiş malikanənin divarına “Ən yaxşı bərpa edilən ev” lövhəsi vuruldu və baxış keçirildi.
Ardınca festivalın daha iki tədbiri - 17-ci Beynəlxalq “Altın Safran” fotomüsabiqəsinin seçmə sərgisi və Cingiloğlu sənət qalereyasında Osmanlı padşah geyimləri və tuğralarının sərgisi keçirildi.

Mükafatlandırma mərasimi

Festivalın sənədli filmlər və fotoşəkil yarışmasının mükafatlandırma törənindən öncə Karabük Universiteti Safranbolu Fethi Toker İncəsənət fakültəsinin konfrans salonunda “Anadolunun yurd edilməsi və Anadolu ərənləri” adlı panel gerçəkləşdi.
İclasın moderatoru Kilis Universitetinin rektor müavini, professor Osman Türer idi. Ankara Universiteti İlahiyyat fakültəsindən professor Əhməd Cahit Haksever, Bozok Universitetinin rektor müavini Qədir Özköse və İsparta Süleyman Dəmirəl Universiteti İlahiyyat fakültəsindən professor Rıfat Okudanın məruzələri dinlənildi.
Paneldən sonra “Altın Safran” sənədli film müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
Oğuzhan Alparslanın “Mənəviyyatını qoruyan şəhər - İstanbul” sənədli filmi birinci, Cəmaləddin İrkenin “Anadolunun gözü Gülcan Acar” filmi ikinci yerə layiq görüldü. Digər mükafat və təltiflər də sahiblərinə təqdim edildi.
Mərasimdə çıxış edən Safranbolu bələdiyyə sədri Necdət Aksoy builki festivala çoxlu iştirakçının qatıldığını, foto yarışmasının ilk dəfə beynəlxalq müstəviyə çıxaraq mərkəzi Parisdə yerləşən Beynəlxalq Fotoqraflar Dərnəyinin elan bölməsində yer aldığını bildirdi: “Bu elandan sonra müsabiqəyə xeyli sayda fotoqraf qoşuldu. 535 sənətçi tərəfindən foto göndərildi ki, onların 100-ü xarici fotoqraflardır”.
Foto yarışmasının nəticələrinin elan olunmasından sonra iştirakçılar xatirə şəkli çəkdirdilər.
Beləliklə, zəngin tədbirlər proqramı olan “Altın Safran” festivalı başa çatdı. Festival boyu diqqətimi cəlb edən məqamlardan biri bütün tədbirlərin yalnız tarixi məkanlarda keçirilməsi idi. Tədbirlərə qatılan qonaqlar da öncə o yerin tarixi ilə maraqlanırdı. Yəni “Altın Safran” sənədli film festivalı sənətkarlıq işlərinin təqdimatı ilə yanaşı, şəhərin tarixi irsi də geniş ölçüdə hər kəsə təqdim olunurdu. Bu məkanlarda sənət əsərləri ilə tanışlıq həm də Safranbolunun qədim, orta əsr və yeni tarixi ilə tanışlıq demək idi.

Mehparə Sultanova
Ankara