Ustad aşıq Əli Quliyevlə söhbət
   
   Əli Quliyev saz xiridarlarının həmişə hörmət-izzətlə çəkdiyi bir addır. Bir sənətkar bu hörmət-izzətə nə ilə gəlib yetişə bilər? Əlbəttə, öz sənəti, mərifəti ilə.
   O, klassik saz ifaçılığı sənətinin ən böyük nümayəndələrindən biridir. Ən qədim havacatları bilməsi, mükəmməl ifa etməsi ilə yanaşı, həm də sinəsi sözlə doludur. Nizamidən, Füzulidən tutmuş, Dədə Ələsgərə, Bozalqanlı Hüseynəcən... Üstəlik hamımızın əzbər bilib toyda-şənlikdə söylədiyimiz şeirlərin əksəriyyətinin səhvini çıxarır, sovet dönəmində müxtəlif səbəblərdən təhriflərlə çap olunan bu nümunələrin əsl variantını eynən özündən əvvəlki ustadların söylədiyi kimi dəqiq bilir. O, bütünlüklə bir saz ensiklopediyasıdır. Əlbəttə, bu cür insanları sənətin bugünü, sabahı dərindən düşündürür. Odur ki, həmişə qayğılı, fikirli görmüşəm Əli Quliyevi. Amma bu dəfə görüşəndə eyni açılmışdı ustadın. Saz sənətinin UNESCO siyahısına alınması lap ürəyincə olmuşdu. Söhbətimizə elə bu məqamdan başladıq.
   
   - Ustad, deyəsən, saz sənəti ilə bağlı baş verən son hadisələrdən razı qalmısınız...
   - Bəli!. Saz sənətinə həm hökumətimizin, həm beynəlxalq təşkilatların, həm də tamaşaçıların bu dərəcədə böyük maraq göstərməsi məni sevindirməyə bilməz. UNESCO-nun saz sənətinə göstərdiyi diqqətdən sonra elə bil öz doğma sənətimizə təzədən baxdıq. Baxdıq və bir daha ürəkdən sevdik bu sənəti. Məndə saz sənətinin sürətlə inkişaf edəcəyinə, necə deyərlər, tezliklə bizim də üstümüzə bir gün doğacağına böyük inam yaranıb.
   - Ustad, söhbətlərimizin birində maraqlı bir məqama toxunmuşdunuz. Klassik saz ifaçılığı bizdəki qədər nə cənubda inkişaf edib, nə də başqa türk respublikalarında. Bir növ bizdə akademik çalğı və ifa formalaşıb. Amma tədricən bu sanballı yolun unudulması, yaddan çıxması prosesi gedir.
   - Mən bir neçə dəfə qardaş Türkiyədə olmuşam, festivallarda, konsertlərdə çıxış eləmişəm. Onlar özləri də deyirlər ki, bu çalğını bizdə demək olar ki, unudublar. İndi Azərbaycanda da eyni proses gedir. Sazı gətirib estradaya çıxarıblar. Nə bilim dəxli olmayan musiqilər ilə sintez edirlər. Saz müstəqil alətdir. Onu hansısa başqa alətlə calaq eləmək olmaz. Aşığın da sintezi olar? Saz özündə neçə sənəti birləşdirib - çalğı, oxunuş, danışıq, rəqs və s. Day, bundan artıq nə istəyirlər? Olanları abırlı ifa eləyə bilsək bəsimizdir.
   - Bu gün siz dediyiniz ustad ifaçıların sayı getdikcə azalır. Hər dünyadan köçən barmaqlarında neçə möcüzə, sinəsində neçə dastan aparır torpağın altına...
   - Ona görə də heç vaxt arxayın düşməməliyik, heç vaxt! Bu gündən sabaha etibar yoxdu. Bu gün bizə hər hansı qayğı varsa biz də çalışmalıyıq ki, əlimizdən gələni edək.
   - Sizin yazılmayan neçə havanız var ki, bu havaları sizdən başqa, ya da, belə deyək, sizin kimi ifa edən olmayacaq...
   - Yazılmayan havalarımız, dastanlarımız çoxdu. Hamısı da, doğru deyirsən ki, tədricən unudulub gedir.
   - Bəlkə bu havalardan, dastanlardan bir neçəsinin adını çəkəsiniz...
   - Havalardan var “Dərbəndi”, “Süsənbəri”, “Bozuğu Koroğlu”, “Laçını”, “Gödəkdonu”, “Gödək Mirzəcanı”, “Van ağzı”...
   - Nə maraqlı adları var? “Bozuğu” nə deməkdir?
   - Bunlar çox qədim havalardı. “Bozuq” “boz” sözündəndir. “Çətin”, “mürəkkəb” anlamına gəlir. Eşitməmisənmi, deyirlər, filankəs çox boz adamdı. Yəni çətin, inadkar, ölümündən qorxmayan... Nəinki bu çox da məşhur olmayan havaları, heç “Ruhani”ni, “Yanıq Kərəmi”, “Dilqəmi”ni yerli-yataqlı çala bilən azdır. “Ruhani”, “Dilqəmi” sazın “Segah”ıdı. Yaxşı “Segah” oxuya bilməyəndən muğam ifaçısı çıxmaz.
   - Dastanlarımız barədə nə deyə bilərsiniz, kifayət qədər lentə alınıbmı?
   - Dastanlarımız bizim tariximizdi. Özü də şərəfli tariximiz. Bu mənəvi sərvəti unutmağa haqqımız yoxdur. Təsəvvür edin, bu gün “Dədə Qorqud” dastanı olmasaydı, bizim tariximiz, söz sənətimiz nə qədər solğun görünərdi. Ustad aşıqların yaddaşında belə qiymətli xəzinələr çoxdur. Bir var dastanı kitabdan oxuyursan, bir var aşığın dilindən eşidirsən. Hər aşıq ayrıca öz ürəyini, şirinliyini qoyur bu dastanlara. Ancaq görün bu ifalar nə dərəcədə əlimizdə var. “Koroğlu” dastanından bircə Aşıq İmranın “Durna teli” boyu lentdə qalıb. Qalanları ya yarımçıqdı, ya da lazımi səviyyədə deyil.
   - Məsələn, bu gün hansı dastanları şəxsən siz bütünlüklə söyləyib yazdıra bilərsiniz?
   - Lentdə olmayanları deyirəm - “Aşıq Əmrah”, “Yəhya bəy Dilqəm”, “Əsli və Kərəm” və başqaları...
   - “Əsli və Kərəm” də yoxdur?
   - Yox.
   - Bu dastanlardakı şeirlər ayrıca da çox mükəmməl sənət əsərləridir.
   - Əlbəttə. Zaman-zaman ustadlar oxuya-oxuya cilalayıblar bu şeirləri. Ona görə, ələnib-ələnib, ən gözəlləri gəlib çatıb bizə...
   - Sənə qurban olum saqi
   Mey ver piyala vaxtıdı...
   Aşıqların çoxu saqini şərab paylayan, meyi isə sözün zahiri mənasında içki kimi qəbul edirlər. Klassik aşıq şeirinin məcazlarını açmağa hər adamın hünəri çatmır.
   - Razıyam. Bunları bilmək çətindir xeyli.
   - Siz təkcə aşıq şeirini deyil, Füzulinin, Nəsiminin qəzəllərini də bilirsiniz və hərdən saz üstündə deyirsiniz. Sizə deyim orijinal olduğu qədər də gözəl alınır.
   - Bunların hamısı bizimdi. Ona görə eyni doğmalıqla sevirəm, Abbası da, Ələsgəri də, onların ulu babası Füzulini, Nəsimini də...
   - Bəlkə hərdən aşıq şeirləri azlıq edir sizə, ürəyinizi boşaltmaq üçün daha sanballı, daha ağır intonasiyalar istəyirsiniz. Hansı ki bu sizin çalğınıza da uyğundur.
   - Bilirsiniz, bir var susuzluqdan içi yanan adamın su istəməyi, bir də var adicə susayan adamın. Bəzən içim yananda camı dolu istəyirəm ki, ürəyimin səbbini alsın.
   - Bu, qəzələ nisbətən aşıq şeirinin zəifliyi kimi də anlaşıla bilər...
   - Yox-yox, qətiyyən. Dedim ki, mən fərq qoymuram. Qurbanidən, Ələsgərdən deyirəm, ardınca da Füzulidən təsdiq gətirirəm.
   - Fərq qoymursunuzsa, qəzəli saz havası üstündə niyə oxumursunuz?
   - İnanın, istənilən qəzəli “Divani” havası üstündə elə oxuyaram ki, qulaq asanlar bilməz ki, oxuduğum əruzdu, yoxsa heca.
   - Bəs niyə eləmirsiniz?
   - Ar eləyirəm. Deyirəm, deyəcəklər ki, aşıq Əli bu yaşında həngamə çıxarır.
   - Bəlkə kimlərinsə nə deməyindən çəkinməyəsiniz. Məsələn, Alim Qasımov kimi...
   - Çəkinmək məsələsi deyil. Bəlkə də nə vaxtsa təcrübə elədim. Sağlıq olsun.
   Sadəcə, bir məsələ var: xanəndə başqadı, aşıq başqa. Muğam üstündə də qoşmalar oxuyurlar, ancaq sazdakı təsir heç vaxt alınmır.
   - Efirdə az-az görünürsünüz...
   - Hərdən televiziyalarda oluram. Amma təbii ki, bu azdır. Təbliğat işi, həqiqi sənətin tanıdılması sistemli şəkildə aparılmalıdır. Məsələn, birdən oturub öz-özümə düşünürəm - mən nə iş görə bildim. Ciddi sənət üçün nə eləmişəmsə 20 il əvvəl - SSRİ vaxtında eləmişəm. Havalarım qızıl fonda 20 il əvvəl yazılıb. Hansı ki indi o ifalara qulaq asanda çoxlu boşluqlar görürəm. Mən bu gün daha çox şeylər edə bilərəm. Yenə sözümün əvvəlinə qayıdıb deyirəm ki, hökumətimizin aşıq sənətinə qayğısı məni də həvəsə gətirir. Yaradıcılığımın yeni, daha da məhsuldar mərhələsi başlayacaq. Şükür Allaha, hələ sinəmdəki saz məni heç kimin yanında utandırmayıb.