Aşıq Şakir 1924-cü ildə Ağsu rayonunda anadan olub. Sonralar Kürdəmir şəhərində yaşamışdır. Aşıq Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi , nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.
   Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır. Jurnalist Tofiq Abdullayevin qələmə aldığı "Aşıq Şakir" kitabında mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunur. Kitabda respublikamızın tanınmış elm və sənət adamlarının sənətkar haqqında xatirələri öz əksini tapıb.
    Aşıq Şakir bir çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
   1978-ci ildə vəfat edib.