İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunda doğulub. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.
   1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
   1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
   1973-cü ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
   1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
   Ulu öndərimiz Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ 1983-cü ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da ulu öndərin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl “Xalq aşığı ansamblı” adlanmağa başlayıb.
   Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib.
   Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.
   Aşıq İsfəndiyar Prezident təqaüdçüsüdür və bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edir.