Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Mədineyi-Münəvvərə şəhərinin 2013-cü ildə “İslam mədəniyyəti paytaxtı” elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib. Nümayəndə heyətinin tərkibinə nazirliyin Aparatının rəhbəri Firudin Qurbanov, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev daxildir.
   Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Muhyiddin Xuca ilə görüşü nəzərdə tutulur. Görüşdə iki ölkə arasındakı əlaqələr və turizm sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunacaq.
   Turizm sahəsində iki ölkə arasında əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması gözlənilir.