Nizami Cəfərov
   Professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
   
   Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayan yaradıcılıqdır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir. Fərəhləndirici haldır ki, son zamanlar bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir. 
 
  
   Aşıq yaradıcılığı böyük mədəniyyətin nümunəsidir. Aşıq sənətinin ən mühüm və başqa sənətlərdən fərqli cəhətlərindən biri də onun çoxtərəfli yaradıcılıq imkanlarıdır. Burada söz sənəti, musiqi, rəqs elementləri və ən nəhayət, ifaçılıq var.
   Tədqiqatlar, araşdırmalar da göstərir ki, aşıq sənətinin türk dünyasında - ozan sənətini çıxmaq şərtilə - ən çox inkişaf elədiyi məkan Azərbaycandır. Digər yandan, Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapılıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Misal üçün, aşıq sənətində olan realizm bu sənətinin yarandığı dövrün yazılı ədəbiyyatında yoxdur. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub.
   Sonrakı dövrlərdə aşıq sənətinin çox ciddi problemləri olub. Xüsusilə də sovet dövründə aşıq sənəti həddindən artıq ideologiyalaşdırıldı. Aşıqlar sosializm, dünya kommunizm hərəkatından danışmağa başladılar. Beləliklə, aşıq sənətində bir az sünilik yarandı. Doğrudur, aşıq yaradıcılığı həmişə müasirdir, dövrün reallıqlarına, baş verən proseslərə laqeyd qalmır.
   Söz qoşmaq, yaradıcılıq imkanları əvvəlki illərlə müqayisədə məhdudlaşıb. Bu sahədə zəif əsərlər yaranır.
   Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması onun dünyada daha geniş təbliğinə imkanlar yaradacaq. Aşıqlar Birliyinin yaranması, Azərbaycanın müxtəlif yerlərində tanınmış aşıqların ev-muzeylərinin, mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin yaradılması aşıq sənətinə verilən yüksək qiymətdir. Eyni zamanda, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xəttilə aşıqların disklərinin hazırlanması da bu sənətin inkişafına verilən dəstəkdir. Düşünürəm ki, işlər bundan sonra da davam etdiriləcək. Aşıq sənətində bizim istedadlı gənclərimiz var. Bir-birindən zəngin olan, özünəməxsusluğu ilə fərqlənən aşıq məktəblərimiz var. Borçalı, Qazax-Tovuz-Şəmkir, Gədəbəy, Şirvan, Cənubi Azərbaycan aşıq məktəbləri daim öz adları ilə seçilib. Yəni bu gün aşıq sənətini təbliğ etmək çox böyük işdir. Bu iş də ardıcıl, sistemli şəkildə aparılır.