Əbülfəs Qarayev
   Azərbaycan Respublikasının
   Mədəniyyət və Turizm Naziri
   
   Aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait yaradılmışdır.
  
 
   Mədəniyyət və Turizm Nazirliyində biz daim düşünürük ki, bu misilsiz xalq sənətinin yeni şəraitdə dirçəlməsi, insanların estetik tərbiyəsində aşıq yaradıcılığının imkanlarından istifadə olunması, onun qorunması, inkişaf etdirilməsi və unikal milli sərvət olaraq dünyada tanıdılması üçün daha hansı tədbirləri həyata keçirək.
   Aşığa “Haqq aşığı” deyirlər. Aşıq haqqın carçısı və nəğməkarıdır. Həm də xalqımız deyir ki, aşıq gördüyünü çağırar. Aşıq sənətinə verilən qiymət və bu sənətin yüksək meyarları bizdən tələb edir ki, onun inkişafı üçün hər birimiz əlimizdən gələni əsirgəməyək. Sözlərimin səmimiyyətinə inanın. Bu gün bir həqiqəti deməyi özümə borc bilirəm. Bəli, biz xalq yaradıcılığının demək olar ki, əsas qollarından birinin daha da inkişaf etdirilməsi, qüdrətli saz və söz sənətinin dünyada təbliğ olunması ilə bağlı ustad aşıqların, ziyalıların müraciətinə, o cümlədən aşıqların böyük əksəriyyətinin bu sənətə layiq yüksək səviyyəli tədbirlər keçirmək istəyinə çox ciddi yanaşırıq. Niyə görə? Ona görə ki, el sənətkarları bir-birindən aralı düşsə, yaradıcılıq münasibətləri olmasa, onların problemləri həll edilməsə, ən başlıcası isə aşıqlarımızın yüksək səviyyəli konsertləri təşkil edilməsə, beş-on ildən sonra bu sahədə böyük itkilərlə üzləşə bilərik.
   Aşıqlar çox həssas insanlardır. Onların qəlbi çox incədir. Əgər biz indiki ustad nəslə köməklik göstərməsək (mən yalnız nazirliyi, əlaqədar dövlət qurumlarını deyil, bütün cəmiyyətimizi nəzərdə tuturam) yeni aşıq nəsillərinin yetişməsindən, ənənələrin qorunmasından danışa bilmərik.
   Biz ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. İnanıram ki, uzun illərdən sonra da olsa, nəhayət, aşıq sənətinin inkişafına geniş imkanlar açılmaqdadır. Bu gün aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub. Muğam sənətindən sonra ötən il Azərbaycan Aşıq sənətinin də UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edilməsi bunun əyani ifadəsidir. Aşıqlar Birliyinin yenidən qurulması və sistemli fəaliyyətə başlaması da inamı artıran bir göstəricidir.
   İndi isə aşıq sənəti və onun qorunub inkişaf etdirilməsi ilə əlaqədar bir sıra mülahizələrimi bildirmək istəyirəm. Qiymətli sərvətin sahibi olmaq çoxlarının ürəyindən keçə bilər. Azərbaycan xalqı, məhz bizim vətənimiz əsrlər boyu dünya şöhrətli mədəni sərvətlər yaratmışdır. Bəzən bu sərvətə tamah salanlar da olur. Məsələn, milli musiqimiz, milli musiqi alətlərimiz, milli mətbəximiz dəfələrlə başqa xalqlar tərəfindən mənimsənilmək, öz adına çıxılmaq faktı ilə qarşılaşmışdır. Mən sizi inandırıram, saz, aşıq sənəti elə ecazkar bir dünyadır ki, onu qorumaq və inkişaf etdirməklə yanaşı dünya miqyasında Azərbycanın milli varlığının bir parçası kimi təqdim edə bilməsək sazı, onun gözəl musiqilərini öz adına çıxanlar tapılacaqdır. Gizli deyil ki, artıq belə söhbətlər eşidilməkdədir.
   Həqiqət isə bundan ibarətdir ki, Azərbaycanda mövcud olan sazın da, aşıq musiqisinin də əsl sahibi xalqımızdır, yurdumuzun coşqun təbli, istedadlı insanlarıdır.
   Dədə Qorqud qəhrəmanlarını sevgiyə, mübarizəyə səsləyən qopuz-saz min illərdir bu torpaqlarda səslənir, ozanlar, aşıqlar xalq ruhunu oxşayan nəğmələr qoşurlar.
   Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da özündə olduqca zəngin, mən deyərdim ki, mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Bir aşıq sanki bir ansamblı əvəz edir. Eyni zamanda o, mizrab vurur, oxuyur, danışır və rəqs edir. İş bununla bitmir. Aşıq sadəcə ifaçı deyil, o, həm də bəstəkardır, havalar qoşur, o həm də şairdir, kamil poeziya nümunələri yaradır. Aşıq eyni zamanda salnaməçidir, şahidi olduğu həyat hadisələrini eldən elə daşıyır. Nağıl, dastan, atalar sözü, bayatılarımızın yaşadılmasında, yayılmasında da aşıqların xidməti əvəzsizdir.
   Deməyim odur ki, biz aşıq sənətinin inkişafına laqeyd qala bilmərik. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov bu sənəti çox yüksək qiymətləndirir, müasir musiqinin yüksəlişində başlıca mənbələrdən biri olaraq aşıq sənətini, saz musiqisini götürürdü.
   Ulu ozan Dədə Qorqudun xeyir-dualarıyla əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərini yetirmişdir. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Hüseyn Şəmkirlinin, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərmiş, bu gün də təsir göstərməkdədir.
   Keçib gəldiyimiz təqribən 40 illik tarixi yolun fərqli mərhələlərində ulu öndərimiz Heydər Əliyevin qoymuş olduğu ənənələrə görə Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənmişdir. Bu mənada mən ölkəmizin incəsənət xadimlərini xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, ulu öndərimizin qoyduğu ənənə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, hörmətli Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsil nümunəsini göstərir. Onun gənc istedadlar, kitab nəşri, el sənətinin inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması və sair layihələri böyük rezonans doğurmuş, ümumxalq məhəbbəti qazanmışdır.
   Belə düşünürəm ki, Mehriban xanımın, eyni zamanda mədəniyyət ictimaiyyətinin birgə səylərinin növbəti istiqaməti məhz sözün, aşıq sənətinin bütün dünyada indiki kimi uğurlu təbliğinin davam etdirilməsi olacaqdır. Bu böyük bir istiqamətdir və inanıram ki, birgə səylərimizlə uğurlar qazanmaq mümkün olacaqdır.
   Məhz bu məsələdə biz istedadlı, ustad sənətkarlarımıza daha böyük dəstək verməli, yaradıcılığın inkişaf etdirilməsindən tutmuş aşıq sənətinin mükafatlandırılması, hətta məişət problemlərinin həllinə qədər mümkün olan köməyimizi əsirgəməməliyik.
   Mən istərdim ki, bizim dövlət tədbirlərində aşıqlarımızı daha çox görüm. Çağdaş düşüncənin daşıyıcıları olan sənətkarlarla ənənəvi milli-estetik düşüncəyə sahib insanların təmasları hər iki istiqamətə məzmun zənginliyi gətirə bilər. Aşıqların iştirakı ilə həm bölgələrdə, həm paytaxtda, imkan yaranarsa xarici ölkələrdə konsertlərin, yaradıcılıq gecələrinin, dastan axşamlarının keçirilməsinə kömək göstərməliyik. Məncə, bu sahədə Azərbaycanın televiziya kanalları aşıq sənətinin canlı olaraq daha geniş tamaşaçı auditoriyasına çatdırılmasına yardımçı ola bilərlər.
   Görünür, biz aşıq sənətinin tədrisi sahəsində də müəyyən işlər görməliyik ki, istedadla professionallığı, istedadla elmi təfəkkürü birləşdirə bilək. İnana bilərsiniz ki, saz-aşıq sənətinin tədqiqi, təbliği ilə bağlı bütün məsələlərdə ölkəmizin mədəniyyət ictimaiyyəti Azərbaycan aşıqlarına həmişə dəstək verəcəkdir.