“Bu gün saz sənətinə xalqın sevgisi ilə dövlət qayğısı üst-üstə düşür”
   
   Aprelin 20-də H. Sarabski adına mədəniyyət evində “Sazın sözü” adlı konsert proqramı təqdim olundu. 
   Bakı şəhəri Xətai rayonu Mədəniyyət Mərkəzinin respublika Aşıqlar Birliyi ilə birgə təşkil etdiyi tədbiri giriş sözü ilə AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli açdı. Son vaxtlar aşıq sənətinə xüsusi diqqət və qayğı göstərildiyini bildirən folklorşünas vurğuladı ki, qədim saz-söz sənəti özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi dövlət tərəfindən bu el sənətinə göstərilən diqqət və qayğının nəticəsidir: “Azərbaycanın aşıq sənəti xalqımızın sərvətidir. Bu gün saz sənətinə xalqın sevgisi ilə dövlət qayğısı üst-üstə düşür. Yeni-yeni müsabiqələr keçirilir, aşıqlar formalaşır. İnanırıq ki, aşıq sənətinə hər zaman belə diqqət ayrılacaq”. E.Məmmədli çıxışının sonunda tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
   Azərbaycan Aşıqlar Birliyinin mətbuat katibi Musa Nəbioğlu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihələrdən danışdı. Bildirdi ki, ötən il ilk dəfə gerçəkləşən Beynəlxalq Aşıq Festivalının davamlı olaraq iki ildən bir keçirilməsi planlaşdırılır. Sazın sərhəd tanımadığını deyən natiq bəşəriyyətin incisi olan saz sənətinin təbliği istiqamətində böyük işlər görüldüyünü vurğuladı.
   Tədbirdə çıxış edənlər saz-söz sənətinin qüdrətindən, bu sənətə göstərilən diqqət və qayğıdan danışdılar.
   Sonra ifaçılar səhnəyə çıxdılar. Aşıqlar Nemət Qasımlı, Azər Fərmayıloğlu, Aşıq Xanmusa, Əvəzxan Xankişiyev, Fatma Cəbrayıllı, Abbas Musaxanlı, Telli Borçalı, Qəlbinur İbrahimli və başqaları maraqlı konsert proqramı ilə çıxış etdilər. 

   Ceyhun