Vaxtından və zamanından asılı olmayaraq Sarı Aşığın kövrək, həzin, zərif bayatıları dilinin gözəlliyi, sözünün qüdrəti, duyğularının saflığı, müqəddəsliyi ilə bizi hər zaman heyrətləndirəcək. 
   
   Aprelin 30-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Laçın aşıqlarının iştirakı ilə keçirilən “Sarı Aşıq işığında” adlı konsert maraqlı kombinasiyası, zəngin proqramı ilə yadda qaldı. Sarı Aşığın işığına tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, saz-söz xiridarları da yığışaraq kövrək, sərrast, ustad bayatıları ilə söz dünyasını işıqlandıran haqq aşığının söz dünyasıyla başbaşa qaldılar.
   Gecəni filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı açaraq Azərbaycan aşıq ədəbiyyatında öz yeri, söz yeri olan Sarı Aşığın həyat və yaradıcılığından, onun bənzərsiz sənətindən və sənətkarlığından söz açdı. Laçında yüzədək aşığın Sarı Aşığın ilham bulağından su içdiyini, onun zəngin irsini layiqincə davam etdirdiklərini əlamətdar hadisə kimi dəyərləndirdi.
   Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Sarı Aşığın həyat və yaradıcılığı barədə çıxış etdi. O, çıxışında bildirdi ki, Azərbaycan aşıq ədəbiyyatında qüdrətli bayatı ustası kimi şöhrət tapan Sarı Aşığın zəngin irsi ilə təkcə laçınlılar deyil, hər bir azərbaycanlı öyünə bilər.
   50-ə yaxın laçınlı aşığın iştirak etdiyi gecədə Umboy Axundov, Cabbar Cabbarov, Əziz Xıdırov, Xəlil İmranov, Pənah Bəyləroğlu, Aybəniz Laçınlı, Nizami Şirinov, Qalib Həşimov, Pərviz Qurbanov, Təşəkgül Əmralıyev, Famil Bəxtiyarov, Fənarə Həşimova və başqalarının çıxışı alqışlarla qarşılandı.
   Gecədə mərdlik diyarı Laçının tarixini, təbii gözəlliklərini və memarlıq abidələrini, eləcə da Sarı Aşığın məqbərəsini əks etdirən film nümayiş olundu və yaddaqalan gecə bir daha sübut etdi ki, Sarı Aşıq böyük bir xalqın ədəbiyyatında qüdrətli söz sərrafı, bayatı ustası kimi yaşayır və yaşayacaq.
   
   Təranə Vahid