Haqq aşığı
   
      
   Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
   
   XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.
   1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur.
   İllər keçir, Ələsgər nakam məhəbbətin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir.
    Aşıq Ələsgərə sazı sinəsinə sıxıb bədahətən şeirlər deyər, həmsöhbət olduğu adamların fikrini “oxuyar”, baş verəcək hadisələri əvvəlcədən xəbər verərdi. Yuxuda Ələsgərə badə verilməsi haqqında söz-söhbətlər isə bitib-tükənməz, xalq onu “haqq aşığı” çağırardı.
   
   Ələsgər xümsünən zəkatın verə
   Əməlin mələklər yaza dəftərə,
   Hər yanı istəsə, baxanda görə,
   Təriqətlə bu sevdalı gərəkdir.
   
   Dünyaya səs salan Aşıq Ələsgəri zəmanə ağır imtahanlara çəkir, gözlənilməz tarixi hadisələr, dönüşlər onun könül evini silkələdikcə duyğularını saza-sözə köçürür.
   
   Səksəni, doxsanı keçibdir yaşım,
   Əzrayıl həmdəmim, məzar yoldaşım.
   Gor deyə tərpənir bəlalı başım,
   Daha köç təbilin çal, qoca baxtım.
   Gözəlliyə, sevgiyə, torpağa, elə, vətənə, təbiətə münasibət Aşıq Ələsgər yaradıcılığında yeni bir formada, real və səmimi boyalarla əks olunur. Böyük sənətkar məhəbbəti yolunda canını fəda edən aşiqlərə qibtə edir.
   
   Ələsgərəm, mən deyirdim,
   Pərvanə əfsanə yanır.
   Eşqidən bir od düşüb
   Cismimə, mərdanə yanır;
   Deyirəm, danışıram,
   Dönürəm, hər yana, yanır.
   Ürəyim bir Kərəmə,
   Bir Şeyx Sənana yanır;
   Qəlbdən yas tuturam
   Məcnuna, Fərhada bu gün.
   
   Aşıq Ələsgər poeziyasında dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divan şeir növləri özünü ən gözəl şəkildə, yüksək sənətkarlıqla büruzə verir.
   Arif olan, bir od düşüb canıma,
   Əridib döndərir a yağa məni.
   Aşıq deyər ay ağa,
   Yetiş dada, ay ağa!
   İllər xəstəsi canım,
   Yar gəldi, qalx ayağa!
   Ağa olan qulun salmaz nəzərdən,
   Salma nəzərindən, ay ağa, məni!
   
   Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm”.
   Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüşdür.
   Deyilənlərə görə, Aşıq Ələsgər yüz ildən çox ömür sürsə də, nə qəddi əyilmiş, nə qulağı ağırlaşmış, nə gözləri zəifləmiş, nə də saçları tamam ağarmışdır. Dünyadan köçəcəyi günü əvvəlcədən xəbər verən ustad 1926-cı il martın 7-də dünyasını dəyişsə də, haqqında dastanlar, rəvayətlər, xatirələr bitib-tükənməmiş, zəngin yaradıcılığı ona ölümsüzlük qazandırmışdır.
   
   Təranə Vahid