Haqq aşığı
   
   “Qırxlar piri” özü verib dərsimi ümman mənim,
   Çətin girə ürəyimə ləini-şeytan mənim.
   Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,
   Qoruyanım özün qoru xain dostlardan məni.
   
   Sazının səsi, qəlbinin sözü ilə əsrləri adlayıb keçən Miskin Abdal kimdir? Sazla-sözün vəhdətində hansı möcüzələr yarandı? Miskin Abdal hansı tarixi şəxsiyyətin yaxın sirdaşı, məsləkdaşı oldu? Bu suallara cavab tapmaq üçün XV əsrin sonu, XVI əsrin əvvəllərinə - Miskin Abdalın zamanına yollanırıq.
   Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn 1430-cu ildə Göyçə mahalının Zərgərli (Sarıyaqub) kəndində anadan olub. Hüseynin mənsub olduğu “Zərgərli” tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.
   Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.
   Miskin Abdalın sufi dünyasında gözəl səs musiqiləşir, gözəl söz şeirləşir:
   
   Tərs düşüb fələyin işi,
   Lil basan arxdımı, nədi?
   Fani dünyanın gərdişi,
   Dolanan çarxdımı, nədi?
   
   “Miskin” sözünün leksik mənasından başqa, fərqli bir mənası da ilahi eşq naminə nəfsini boğmaq, mənəvi ucalığın zirvələrinə, pir məqamına qovuşmaqdır. Miskinin məğlub olan bədəni, qalib gələn ruhu onu həqiqətin on doqquzuncu pilləsində abdallaşdırır. Sufilikdə abdallıq - şeyxlik, pirlik mərtəbəsi sayılır.
   Rafik Özdək “Türkün qızıl kitabı”nda yazır ki, “Orta Asiyada, Alp ərənlər, Anadoluda “babalar”, “abdallar” və “qazilər” vətənə xidmət edən rəhbərlər olmuşlar”.
   İslam ensiklopediyasında isə “abdal” sözünü görkəmli türk alimi Fuad Körpülü belə açıqlayır: “Abdal sufiliyin mərtəbə silsiləsindəki dərəcələrindəndir”.
   
   Miskin Abdal da bu dərəcəyə zərrə-zərrə, pillə-pillə ucalmışdır.
   
   Yazıq könlüm nə sızlarsan, bülbülə tay olmusan,
   Haçan yardan yarımısan, sevilib bay olmusan.
   Sən dərvişsən, haqq yolunda, haqqı istə, haqqı sev,
   Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.
   
   Tarixi mənbələrin verdiyi məlumatlara görə, Şah İsmayıl Xətai Azərbaycanın şimalına yürüşlərə hazırlaşarkən yolunu Göyçə mahalından salır. Çünki səfəvilərin yaxın dostu, inanılmış mürşidləri bu ərazidə yaşayırdı. Mənəvi tellərlə Göyçəyə bağlı olan gənc sərkərdə 1500-cü ildə müqəddəs övliya kimi tanınan Miskin Abdalla görüşür. Miskin Abdal gənc səfəvi sərkərdəsini böyük ehtiram və sonsuz məhəbbətlə qarşılayır. Bu tarixi görüş zamanı Miskin Abdal şaha saz bağışlayır. Sazın, sözün, şəxsiyyətin birliyi qızılbaş müridlərinin ruhunu coşdurur. Bu görüş rəvayətlərə, əfsanələrə çevrilir.
   Sonralar Miskin Abdal Şah İsmayıl Xətainin rəsmən səlahiyyətli vəziri olur, dövlətlərarası diplomatik əlaqələrə rəhbərlik edir. Tarixi mənbələrin verdiyi məlumata görə, o dövrdə sarayda ən nüfuzlu şəxslər söz və sənət adamları sayılırdı. Haqq aşığı Miskin Abdal alim, şair, övliya kimi əvəzsiz idi.
   Miskin Abdal Şah İsmayıl Xətainin şərəfinə saysız qoşmalar, şərəfnamələr qoşur, saz və söz divaniləri yaradır. Deyilənlərə görə, “Şahsevəni” və “Şahqalxdı” saz havalarını da Şah İsmayılın şərəfinə səsləndirmişdir.
   Miskin Abdal şah sarayında böyük nüfuz qazanır. Yüksək diplomatik məharətinə görə mükafatlandırılır. Yaşadığı Sarıyaqub kəndi ona bağışlanır. Ətrafdakı beş kəndin vergisi şahın xüsusi fərmanı ilə ona ayrılır.
   Miskin Abdalın şəxsi həyatı isə heç də asan olmur. Mövlası tərəfindən ona buta verilən sevgilisi cavan ikən faciəvi şəkildə dünyasını dəyişmiş, Miskin Addalın könül evi viran olmuşdur.    

   Abdal, yastıq daş olar,
   Üst torpağın yaş olar,
   Mələklər yoldaş olar,
   Allah, ölümün haxdı!
   

   İtkilər onu həyatı boyu izləmiş, Dağıstanda səfərdə olarkən ata-anasının ölüm xəbərini eşidən Miskin Abdal qış ayında vətənə dönərkən borana düşüb iki oğlunu itirir.
   
   Yıxdın könlüm şəhrini,
   Dad fələk, aman fələk!
   İçdim hicran zəhrini,
   Zülm etdin yaman, fələk!
   
   Miskin Abdal ən dəhşətli sarsıntını Şah İsmayıl Xətainin ölümünü eşidərkən keçirir.
   
   İqlimin şahıydı Həzrət Süleyman,
   Ədalətə pənah idi Nuşirəvan.
   Şıx oğlu İsmayıl, o cənnət-məkan,
   Düşməz ələ o, bir yadigardı, getdi.
   
   1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq doğma yurduna - Göyçə mahalına qayıdır. Ömrünün ahıl çağlarında Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır.
   Miskin Abdal 1535-ci ildə 105 yaşında vəfat edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir.
   
   Seyraquba yıxıldımı görən nər,
   Aşıx sınsa sin axtarar, gor enər,
   Belə dedi bu çağımı görənnər:
   “Miskin Abdal bir zamanlar piriydi”.
   
   Miskin Abdalın gəraylı, qoşma, divani və təcnisləri XV-XVI yüzilliklər türkdilli şeirimizin nadir nümunələrindən sayıla bilər.
   
   Ay beymürvət, neyləmişəm,
   Yandırırsan oda məni.
   Cəlladsansa al xəncərin,
   Gecə-gündüz buda məni.
   
   Təsadüfi deyil ki, o dövrlərdə təcnis geniş yayılmasa da, Miskin Abdal təcnisin kamil nümunələrini yaratmışdır.
   Aşığın əldə olan divaniləri göstərir ki, o kamil bilikli və dünyagörüşlü, nəcib təbiətli, xeyirxah, ruhən pak, təmiz, müqəddəs əməllərə və amallara tapınan bir insan olmuşdur.
   Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. “Miskin Abdal və Sənubər” dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.
   “Şah İsmayıl və Miskin Abdal” dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. “Aslan şahla İbrahim”, eləcə də “Yetim Hüseyn” dastanları isə Göyçənin saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.
   Sonda onu da qeyd edək ki, Miskin Abdal dünyasına yol almaqda bizə filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun böyük zövq və ürəklə qələmə aldığı “Miskin Abdal” kitabı bələdçilik etdik.
   
   Təranə Vahid