Aşıq sənəti xalq musiqisinin mühüm sahələrindən biridir. O, eyni zamanda sinkretik sənət hesab olunur. Çünki saz ifaçısının şəxsində musiqiçi, müğənni və aktyor sənəti birləşir. Xalq musiqimizin ülvi keyfiyyətlərini özündə ehtiva edən sənətkarlarımızdan biri də Aşıq Abbasqulu olub.
   
   Aşıq Abbasqulu 1850-ci ildə Qarabağın gözəl guşəsi olan Gülablı kəndində anadan olub. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Dövrün çətinlikləri üzündən bir çox klassik aşıq-şairlərimiz kimi məktəb-mədrəsə təhsili almayıb. O vaxt Gülablıda iki məşhur aşıq dəstəsi olub. Atası oğlunun aşıqlığa meylini nəzərə alıb onu Aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, bu dəstədə bir müddət dəmkeşlik edir. Tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Sonra Gülablıda daha məşhur olan Aşıq Həsənin dəstəsinə qoşulur. Bu istedadlı gəncin son dərəcə məlahətli və şaqraq səsi ona şöhrət gətirir. Molla Pənah Vaqif, Aşıq Valeh, Qasım bəy Zakir kimi sənətkarların müxəmməs, gəraylı və qoşmalarını böyük həvəslə oxuyur. Özü də qoşmalar qoşarmış.
   Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə ustad Aşıq Ələsgərlə görüşü olur. Deyilənə görə, bir gün Aşıq Ələsgər öz dəstəsi ilə Gülablı kəndinə toy şənliyinə dəvət olunur. Aylı-ulduzlu bir yaz gecəsində qaynar məclis qurulur. Aşıq Ələsgər həmin toy axşamı Qarabağa həsr etdiyi “Qarqar” rədifli təcnisini oxuyur. O, üç gün-üç gecə çalıb-oxuduqdan sonra sazı yerə qoyur. Sonra yerli aşıqları dinləyir. Məclisin dördüncü günü kəndin mötəbər ağsaqqalları ondan xahiş edirlər ki, aşıqlıq sənətinə yenicə qədəm qoyan Abbasqulunu dinləsin. Razılıq alıb onu məclisə dəvət edirlər. Dədə Ələsgər gənc aşığa deyir:
   - Oğlum, mən Aşıq Valehin vətənindəyəm. Ona görə də Valehin “Vücudnaməsini” oxusan, mənə daha xoş gələr.
   Gənc aşığın məlahətli səsi və aydın, səlis tələffüzü, gözəl saz çalması ustadı xoşhal edir. Sonra ustad üzünü məclis əhlinə tutub deyir:
   - Gülablı camaatı, mərhum Valehin yurdu boş qalmayıb. Bu gün, doğrudan da, Abbasqulunun gözəl oxuması məni məftun etdi...
   Ustad Ələsgərin Abbasquluya yüksək qiymət verməsi xəbəri bütün Qarabağa yayılır. O, bir müddət böyük tarzən Sadıqcanın yanında çalışır. Sadıqcan Abbasqulunun musiqi qabiliyyətini nəzərə alıb ona Şərq muğamlarının sirlərini öyrədir. Özü ilə dəvət olunduğu məclislərə aparır. Tiflis şəhərində verdiyi konsertlərdə Abbasqulu da iştirak edir.
   Bir müddət sonra Xurşidbanu Natəvan Abbasqulunu “Məclisi-üns” ədəbi məclisinin yığıncağına dəvət edir. Burada görkəmli sənətkarlarla oturub-durması Abbasqulunun kamil bir aşıq kimi formalaşmasında böyük rol oynayıb. Sadıqcanın ansamblında iştirakı onu bir muğam ifaçısı kimi də tanıdır. Aşıq Abbasqulu çox gözəl zəngulə vurur və yerli-yerində muğam xalları işlədir. Bu da onunla bağlı olur ki, o, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər kimi gözəl səsli xanəndələrlə xeyli vaxt birgə çalışır.
   Görkəmli muğam ustası Seyid Şuşinski xatirələrində bu haqda yazır: “Bu adamın çalıb-oxumağına qulaq asanda, bundakı bacarıq, məharət adamı valeh edirdi. Xüsusilə onun incə və sərrast bir ritmdə oynamağına söz ola bilməzdi. Min təəssüf ki, mən Aşıq Ələsgəri görməmişəm. Amma çox aşıqları eşitmişəm. Onların içərisində Abbasqulunun çalıb-oxumağı heç yadımdan çıxmaz...”
   1902-ci ilin yanvarında Bakıda ilk dəfə “Şərq konserti” təşkil olunur. Bura məşhur xanəndə və çalğıçılarla bərabər Gülablı aşıqları da dəvət olunur. Konsertin ikinci hissəsində çıxış edən Gülablı aşıqları böyük müvəffəqiyyət qazanırlar. “Kaspi” qəzeti 1902-ci il 13 yanvar tarixli nömrəsində yazır: “Konsertin ikinci hissəsində Şuşa qəzasının Gülablı kəndindən dəvət olunan aşıqlar çıxış etdilər. Aşıqlar dəstəsinə Qarabağda məşhur olan Aşıq Nəcəfqulu rəhbərlik edirdi. Aşıq Abbasqulunun təmiz və cingiltili səslə “Bayatı” oxuması, Nəcəfqulunun balabanda “Bayatı-Şiraz” muğamını zövqlə çalması dinləyiciləri heyran qoydu”.
   1914-cü ildə Qafqazda bir xalq aşığı kimi tanınan Aşıq Abbasqulu Almaniyanın “Sport-Rekord” şirkəti tərəfindən bir çox xanəndə və musiqiçilərlə birlikdə Tiflis şəhərinə dəvət olunur. O, burada öz dəstəsi ilə qrammofon valları üçün bir çox qədim-aşıq mahnıları oxuyur. Həmin mahnılardan “İkisi bir boyda”, “Neylərsən”, “Dünya əhvalatı”, “Vücudnamə”, “Üç telli durna”, “Şikəstə”, “Tello” və s. göstərmək olar.
   Aşıq Abbasqulu 1931-ci ilin yazında Bakıya dəvət olunur. Şəhərin musiqi həvəskarları bu gözəl sənətkarı unutmadıqları üçün konsertə sonsuz maraq göstərirlər. Konsert günü Dram Teatrının kassasında bilet qalmır. Bilet tapmayan yüzlərlə tamaşaçıların tələb və narazılığını nəzərə alan Konsert Birliyinin müdiriyyəti aşıqların ikinci konsertinin Dövlət Filarmoniyasının binasında olacağını elan edir. Aşıq Abbasqulunun konsertləri təkcə onun pərəstişkarlarının deyil, Bakının məşhur musiqi xadimlərinin də diqqətini cəlb edir. Onun incə səsinə, mahir çalğısına qulaq asmaq, son dərəcə çevik və ritmik rəqsinə tamaşa etmək üçün konsertə Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev və başqa görkəmli musiqiçilər də gəlirlər.
   Aşıq Abbasqulu aşıq və xanəndə ifası formasında bəstələnən xalq melodiyalarının ən yaxşı ifaçılarından biri olub. O, oxuduğu el havalarında insanları nəcib, mərd, cəsarətli, dostluqda möhkəm, həm də vətənpərvər olmağa çağırıb. Bir el aşığı, xalq müğənnisi kimi onun xidmətləri unudulmazdır. O, Azərbaycan xalq sənətinin sərçeşməsi olub. Böyük sənətkarın həzin, incə səsi, danışan sazı, vətənə məhəbbət dolu sözü ilə klassik aşıqların şeir xəzinəsini göz bəbəyi kimi qoruyub bizə çatdırıb. Qocaman el aşığı 1932-ci ildə dünyasını dəyişir. O, doğma Gülablı kəndində dəfn olunur.
   
   Savalan Fərəcov