Aşıq sənətimizin görkəmli nümayəndəsi, gözəl səsi, təkrarsız ifası ilə qəlbləri fəth etmiş aşıq Şakir Hacıyevin anadan olduğu Ağsuda 90 illik yubileyi keçirilib.
   AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, professor Rafael Hüseynovun aparıcılığı ilə keçirilən tədbir mərhum yubilyarın ifasında “Kəndimiz” mahnısının lent yazısının səsləndirilməsi ilə açılıb.
   Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və başqaları çıxış edərək, el sənətkarının həyat və yaradıcılığından danışıblar.
   Ustad sənətkar 1922-ci ildə Ağsunun Xəlilli kəndində dünyaya göz açıb. Böyük istedadı onu qısa vaxtda məşhurlaşdırıb. Azərbaycan mədəniyyətinin inkişafi və təbliği sahəsində xidmətlərinə görə ustad aşıq 1961-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. İki dastanın, bir çox qoşma və gəraylının müəllifi olan aşıq Şakir Hacıyevin əsərləri “Aşıqlar”, “Aşıq sözü” kitablarında dərc olunub. Görkəmli sənətkarın vəfatından 33 il keçməsinə baxmayaraq, onun yaradıcılığına bu gün də sevilə-sevilə müraciət edilir.
   Mərasimdə tanınmış sənət adamları - Xalq artisti Mələkxanım Əyyubova, “Muğam müsabiqəsi -2011”in qalibi Mirələm Mirələmov, Şirvan Aşıqlar Birliyinin sədri, aşıq Ağamurad Mərzəngəli, Birinci aşıq müsabiqəsinin qalibi aşıq Əli Tapdıqoğlu, aşıq Əhliman Şirvanlı və başqalarının ifaları alqışlarla qarşılanıb.