23-27 may tarixində Gədəbəy Aşıq Məktəbində rayonda fəaliyyət göstərən gənc aşıqların yaradıcılıq müsabiqəsi keçirilib. Azərbaycan Aşıqlar Birliyi və Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Sönməzin birgə təşəbbüsü ilə təşkil edilən müsabiqəyə 36 gənc ifaçı qatılıb.
Sənət yarışında 30-dan çox aşıq havası ifa olunub. Onları aşıq Ulduz Sönməzin rəhbərliyində Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyev, Əməkdar mədəniyyət işçisi aşıq İmamverdi Mustafayev və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlundan ibarət münsiflər heyəti qiymətləndirib.
Anar Abdullayev birinci, Elməddin Şamilov ikinci, Ərzuman Cəfərov üçüncü yerlərə layiq görülüblər. Vüsalə Quliyeva, Toğrul İbrahimov və Araz Əsədova həvəsləndirici mükafat verilib. Qaliblərə diploma və pul mükafatı təqdim olunub. Müsabiqədə fəal iştiraklarına görə aşıq məktəbinin 6 şagirdi fəxri fərmanla mükafatlandırılıb.
Mayın 27-də müsabiqə qaliblərinin Respublika Gününə həsr edilmiş konserti təşkil olunub. Müsabiqə çərçivəsində həmçinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Aşıqlar Birliyinin dəstəyi ilə "Misri - aşıq sənətinin səs incisi" mövzusunda yaradıcılıq dərsləri və konfrans keçirilib.