Xəbər verdiyimiz kimi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aşıqlarımız Rusiya Federasiyasının Dağıstan Respublikasında səfərdə olublar.
Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, birliyin katibi M.Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində keçirilən VII “Dağlılar” beynəlxalq folklor və ənənəvi mədəniyyət və V “Çamauri” ənənəvi xalq mədəniyyəti festivallarında iştirak edib.
Aşıqlar - Əməkdar mədəniyyət işçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Babək Şahbazov, balaban ustaları Əziz Ağacanov və Səfər Mehtiyev, nağaraçalan Nemət Rəhimovdan ibarət olan qrupun çıxışları yerli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Hər iki festivalda uğurlu çıxışlarına görə Azərbaycan Aşıqlar Birliyinin “Dastan” folklor ansamblı Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin diplomu ilə təltif olunub.