Azərbaycan aşıq sənətinin ustad simalarından olan Dədə Şəmşirin yaradıcılığının Türkiyədə, İranda öyrənilməsi və təbliği istiqamətində uğurlu işlər görülməkdədir. Bu işdə fəlsəfə üzrə elmlər doktoru, professor Babək Qurbanov və sənətşünaslıq üzrə elmlər doktoru, professor İlqar İmamverdiyevin fəaliyyəti xüsusi qeyd edilməlidir.
2014-cü ildə Ankarada professor Babək Qurbanovun ön söz müəllifliyi və türkcə tərcüməsi, professor İlqar İmamverdiyevin bədii tərtibatı ilə nəşr edilmiş "Aşık Şemşir. Şeir demeti” (şeir çələngi - E.N.) kitabı qardaş ölkədə maraqla qarşılanmışdır. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə ərsəyə gətirilən 320 səhifəlik kitabda 218 şeir nümunəsi verilmişdir. Professor Cengiz Alyılmazın təqdimatında kitab digər universitetlərə də göndərilmişdir.
Bundan əlavə, professorlar Babək Qurbanov və İlqar İmamverdiyevin, eləcə də türkiyəli alim Hakan Tatyüzün təşəbbüsü və səyi nəticəsində Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyası rəhbərliyinin qərarı ilə Dədə Şəmşirin büstü qoyulmuşdur. Büstün müəllifi heykəltəraş Əhməd Şimşəkdir.
Bu hadisə xüsusilə ona görə əlamətdardır ki, Dədə Şəmşirin büstü türk aləminin ortaq mənəvi dəyərləri - Dədə Qorqud, Fərabi, Dədə Əfəndi, Buhurizadə Mustafa, Aşıq Veysəl, Tabmuri Cəmil bəy, Müzəffər Sarısözən, Nida Tüfəkçi, Yücel Paşmakçı və Məmməd Özbəyin büstləri ilə bir sırada ucaldılmışdır.

Etibar Nadiroğlu
Gədəbəy Aşıq Məktəbinin direktoru