Dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə aşıqların konsert proqramı

Oktyabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Çiçəklənən ana yurdum” adlı konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən təşkil edilmişdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin müstəqillik illərində keçdiyi çətin və şərəfli yola nəzər saldı. Bildirdi ki, müstəqilliyimizin daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, müasirləşir. Nazir Azərbaycan mədəniyyətinin inkişafında aşıq sənətinin xüsusi rolundan, mədəniyyət tariximizdə parlaq səhifələr yazmış görkəmli aşıqlarımızın yaradıcılığından danışdı: “Azərbaycan xalqı yaratdığı böyük mədəni mirası ilə dünya mədəniyyəti xəzinəsinə öz töhfəsini verib. Min illərdən bəri tarixin sınaqlarından keçərək daha da zənginləşən, inkişaf edən aşıq sənəti bütün dövrlərdə Azərbaycan xalqının mənəvi, mədəni zənginliyini özündə təcəssüm etdirərək onun istək və arzularını tərənnüm edib”.
Müstəqillik illərində mədəniyyət və incəsənətimizin, o cümlədən aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğıdan söz açan Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin də bu qayğının nəticəsi olduğunu dedi: “Aşıq sənətimizlə bərabər, Azərbaycanın muğam ifaçılıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, kəlağayı sənəti, Lahıc misgərlik sənəti kimi zəngin mədəni irs nümunələrimiz də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında yer alıb. Ölkəmizdə ənənəvi olaraq beynəlxalq aşıq festivalı keçirilir və bu festivala müxtəlif ölkələrdən qonaqlar təşrif buyururlar”.
Əbülfəs Qarayev çıxışının sonunda aşıq sənətini yaşadanlara qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı, bu ulu sənətin inkişafı üçün fəaliyyətlərində uğurlar arzuladı.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycanda aşıq sənətinin inkişaf tarixindən və milli musiqi sənətimizin hazırkı vəziyyətindən bəhs etdi. Bildirdi ki, üzü Dədə Qorquddan bəri aşıq yaradıcılığı xalqımızın milli-mənəvi dünyagörüşünün əsas tərənnüm edici vasitələrindən birinə çevrilərək inkişaf edib. Həmçinin aşıq yaradıcılığı digər musiqi janırlarının inkişafına da öz təsirini göstərib. Qeyd olundu ki, Müstəqillik Gününə həsr olunmuş konsertdə 50-dən çox aşıq iştirak edir.
Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verdikləri yüksək qiymətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə “Misri” və “Çeşmə” folklor qrupları “Ana yurdum”, “Laçın” folklor qrupu “Laçınım”, Kəlbəcər aşıqlar ansamblı “Qarabağdadır” mahnılarını ifa etdilər. Aşıqlar xorunun ifasında “Azərbaycan” mahnısı səsləndirildi.
Aşıqlardan Nəbi Nağıyev, Nazim Quliyev “Azərbaycanım”, Əli Tapdıqoğlu “Dil aç, telli sazım, Şirvan elində”, Samirə Əliyeva “Bakım”, Nemət Qasımlı, Roman Azaflı, Bəxtiyar Qurbanov, Elvin Mehmanlı “Ruhani”, Əhliman Rəhimov “Əsgər balam”, Tural Bağırov “Naxçıvandadır” və başqa aşıq havalarını ifa etdilər. Bütün ifalar alqışlarla qarşılandı.

Fariz Hüseynov