Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi ilə Bakı şəhərinin Nizami küçəsində, Fəvvarələr meydanı yaxınlığında təşkil edilmiş incəsənət məkanının növbəti qonaqları Gədəbəy və Şəmkir rayonlarının təmsilçiləri olub.
Oktyabrın 7-də burada hər iki rayonun folklor kollektivlərinin və təsviri sənət ustalarının əl işlərinin təqdimatı keçirilib.
Musiqili-əyləncəli tədbirdə Gədəbəy Aşıqlar Məktəbinin, Şəmkir aşıqlarının çıxışları alqışlarla qarşılanıb. Tədbir çərçivəsində rayonların el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil edilib. Sərgidə Gədəbəy rayonu 60, Şəmkir rayonu isə 80-ə yaxın sənət əsəri ilə təmsil olunub. Hər iki rayondan olan şair və yazıçıların kitabları da sərgidə xüsusilə diqqət çəkib.
Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu konsert və sərgi-yarmarkanın təşkilini yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər regionlarda yaşayan yaradıcı insanların inkişafına stimul verir.
Qeyd edək ki, incəsənət məkanında belə təqdimatların keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini paytaxt sakinlərinə və qonaqlara tanıtmaqdır.
Layihə çərçivəsində indiyədək Şəki, Oğuz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən, Qax, Qazax və Ağstafa rayonlarından folklor kollektivlərinin konsert proqramları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar keçirilib.