Poeziyanın da, Vətənin də, millətin, haqq-ədalətin də bənzərsiz aşiqi - aşıq Mikayıl Azaflı...

Təsadüfmü, ya poeziyanın “bəxtindənmi”, - şairlərin çoxu baharda doğulur. Mikayıl Azaflı kimiləri isə dünyadəyişim fəsillərilə də fərqlənirlər. Belə ki, bu aşiq Aşıq 1924-cü il martın 21-də doğulub, 1990-cı il oktyabrın 12-də vəfat edib...
Bəs bu yaz gəlim-payız gedimli vətənpərvər, el sevgi-maraqlarında qalan sənətkar həmin o 66 ildə nələr edib, nələr deyib gedib?..

Bu suala ən konkret cavabı onun, çoxlarına məxsus saysız-hesabsız ənənəvi “ozan-yazan”lıq məhsullarından xeyli fərqlənən misraları verir:

Eşidin, ey dünya, eşidin, ellər!
Azərin ürəyi qana dönübdür.
Zəmidə sünbüllər, bağçada güllər,
Xalqımın çörəyi qana dönübdür...


Həmin xalqın oğlu Mikayıl Cabbar oğlu Zeynalov Tovuz rayonunun Azaflı kəndində anadan olub və belə demək mümkünsə, sənətkarlığının ən vüsətkar çağında göndərildiyi “siyasi turizm”i istisna etsək, ömrü boyu bu kənddə yaşayıb, yazıb-yaradıb, bu məkanda dünyasını dəyişib, bu torpaqda dəfn edilib. Hər misranı aşiqanə bir (erkən yaşlarında “Coşğun” təxəllüsüylə) coşqunluqla yazan, ulu aşıq sənətimizi pillə-pillə qalxaraq, elə sağlığındaca klassikləşən ustad ahıllığın astanasındaykən doğma kəndinin adını adına təxəllüs edib. Bu adqoşma yüzlərlə şirin qoşmalarda, “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı”, “Azaflı müxəmməsi”, “Azaflı himni”, “Azaflı dağları”, “Azaflı bəhri” kimi “qəlb odduyu, bal dadıyı” saz havalarında yaşamada...

Bununla yanaşı...

Birbaşa mətləbə keçibən deyək ki, ustadlığı hamı tərəfindən etiraf olunsa da, üzv seçildiyi Ümumittifaq Musiqi Cəmiyyətinin rəyasət heyəti tərəfindən cəmiyyətin birinci plenumunda iştirak üçün Moskvaya dəvət edilsə də, azad Vətən eşqli bu Aşıq ağlı kəsəndən bolşevizmə, müdrikləşəndən sonra isə kommunizmə qarşı yüklənmişdi və elə bu səbəbdən də 1961-ci ildə “evində silah saxlamaqda” təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Bu fakt el aşıqlığı ilə tərs mütənasib səslənsə də, müasirlərinin vurğuladıqlarına binaən söyləsək, Azaflının lehinə işləyibmiş. Onların qənaətlərinə görə, həbsxana həyatı bu sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırıb. Belə ki, Azaflı dustaqxanada ikən, hər gün-günaşırı bir şeiri bayır azadlığına çıxar, dillər əzbərinə çevrilərmiş...
Lakin müasirləri bunu da bəyan edirlər ki, Azaflı yaradıcılığı ötən əsrin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalıb. Sovet quruluşunun dayaqları laxlamağa başladığı həmin dövrdə (iki-üç televiziya əməkdaşının çaba-çalışması sayəsində) aşığın öz iştirakilə yaradıcılığına həsr olunmuş birsaatlıq veriliş efirə veriləndən sonra, o çağların ifadəsilə desək, “yeni Mikayıl Azaflı erası” başlayıb. Bir qədər sonra “Yazıçı” nəşriyyatı onun “Qoca qartal” kitabını çap etdi, Şərifzadə adına Aktyor evində illərlə üstünə yasaq qoyulmuş ustadın öz iştirakilə təntənəli tədbir keçirildi və televiziya vasitəsilə nümayiş etdirildi, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü. Ölümündən sonra qeyd olunan yubiley təntənələri, Tovuzda adına küçə verilməsi, oxuduğu məktəbin önündə büstünün qoyulması isə mərhumun xatirəsinin əziz tutulmasından xəbər verir...

Daha nə xəbərlər?..

Taleyi sovet dövrü ilə bağlı olan bu haqq aşığının əsərləri, yuxarıda toxunulduğu kimi, o illərdə doğru-dürüst yayılmayıb. Əslində, adı “KQB” siyahısına düşmüş bir sənətkarın belə bir qismətlə üzləşməsi təbii idi. Onun “günahı” da, hardasa, 37-ci illərdə hədəfə alınan ziyalılarla eyni idi. Haqqın aşiqi olduğu, türk soyundan gəldiyini açıq bəyan etdiyi üçün “pantürkist” damğası vurulmuşdu bu aşığa. O illərdə onun gözəl el-ağız ruhunda, əsil xəlqi üslubda yazdığı əsərləri Türkiyədə də yayılmışdı. Həbsxanada yazdıqları sonralar “Zindan şeirləri” adı altında “Qoca Azaflıyam” kitabında işıq üzü görmüş ustadın haqsızlıqlardan yüksək etiketli giley-güzarı, ayrılıq acıları, şəxsi və milli-mənəvi dərd-səri “uzun illər yasaqları” altında sarsılmış bu şairin fövri bəyanına səbəb oldu. Çünki o kitabda “Azaflı nə desin belə dünyaya, Olubdur qanunlar tələ dünyaya. Tarix söylədi ki, hələ dünyaya - Bir doğru ədalət, divan gəlməyib” kimi misralar vardı!
Azaflının həyat və ömür yolu haqqında gerçəkləri öz sələflərinə (Şəhriyar, Bozalqanlı, Ələsgər, Alı, Şəmşir və b.) yazdığı şeirlərdən, müasirlərilə deyişmələrindən də öyrənmək olar. Xalq üslubunda yazdığı gözəl şeirlərilə bir sıra türkdilli ölkələrdə də tanınan Azaflının dil-ağızlarda səslənən üsyankar notları “yuxarılar”ın kürklərinə (əslində, şinellərinə) birə saldığından (istedadını, sənətkarlığını etiraf etməyə məcbur olsalar belə), o, zaman-zaman bunun ağrı-acısını çəkmiş, ömrünün ən coşğun, yaradıcılığının ən çağlar çağında özü həbs, sözü sürgün həyatı yaşamalı olmuşdur.
Amma onu nəinki susdura bildilər, əksinə, Azərbaycan aşıq poeziyasında (1937-də həbs olunmuş Mirzə Bilaldan, sonralar dustaq həyatı yaşamış Məzahir Daşqından fərqli olaraq) yeni bir görk-göstərinin - “Zindan şeirləri”nin müəllifi olmağa vadar etdilər. Bəli, haqq aşıqlarımızdan biri olan bu sənətkara “dissident” ayaması qoşan siyasi cahillərin bu cəhdi “mərdi qova-qova namərd etmək” adlandırılmalı ikən, “gəmidə oturub gəmiçi ilə dava etmək” kimi “aformut” edilirdi. “Ozan”, “aşıq”, “folklor”, “buta” və s. kimi şirin-şəkər ifadələr kanı olan bu “dissident” isə yazırdı: “Mən dustağa bir xəbər ver, Açılıbmı yaz, ay bülbül? Dərdim çoxdu, sənə deyim, Qələm götür, yaz, ay bülbül”. Bu məşhur “Qoca qartal” tez-tez belə də azaylanırdı: “Qoca Azaflıyam, dilim var, - lalam, Təbrizdə qardaşım, Sibirdə balam, Elə dərd varmı ki, çəkməmiş olam, Bax, onlar ağartdı başımı mənim...”
Deyirlər, bu adamın bəxti əvvəldən “bəndü-bənd” olub; uşaqlığı çox məşəqqətli keçib, yaş yarımında atasını itirib, yeddinci sinifdə ikən Stalinin şəkli üstünə (bilmədən) mürəkkəb dağıtdığından adı qara siyahıya düşüb və bir müddət qaçaq həyatı yaşamalı olub. Lakin o, ömrünün sonlarında şahidi olduğu milli azadlıq hərəkatının qələbə ilə nəticələnəcəyinə də əminmiş və qızlarına (onlardan biri də ünlü aşıq Gülarə Azaflı) “Mən bu işlərin belə olacağına, qadasın aldığım azadlığımızın bərpa olacağına bütün ömrüm boyu inanmışam!” - deyib.
Saysız-hesabsız oxucularından eşitdiyimə görə, onlar da Mikayıl Azaflının əbədi sevgilərlə oxunacığına və xatırlanacağına inanırlar...

Tahir Abbaslı