Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Astara Pedaqoji Texnikumunun Cəlilabad şöbəsi ilə bir binada yerləşir. Binanın birinci mərtəbəsində kollec, ikinci mərtəbəsində isə muzey fəaliyyət göstərir. Bu iki mötəbər qurum bir-birilə nə qədər mehriban dolansa da, binanın kimə məxsus olması məsələsində ortaq məxrəcə gələ bilmirlər. 

   Kollecin müdiri deyir ki, bu binanı onların istifadəsinə dövlət verib. Muzeyin əməkdaşları isə iddia edir ki, bina muzeyin balansındadır və Astara Pedaqoji Texnikumu muzeyin binasının birinci mərtəbəsini icarəyə götürüb. Amma nə qədər icarə haqqı verir, neçə illik icarəyə götürülüb, bunu öyrənə bilmədik.
   Fakt isə ondan ibarətdir ki, bir binada müxtəlif sahələrə məxsus iki qurum fəaliyyətdədir. Görəsən, mədəniyyətimizin tərkib hissələrindən biri olan muzeyi də icarəyə vermək və ya icarəyə götürmək olar? Bax, bu iki sual bir-birinə nə qədər zidd olsa da, cavablar oxşardır.
   Qeyd edim ki, Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Muzeydə 2500-dən çox eksponat toplanıb.
   Ölkə başçısının «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» 6 mart 2007-ci il tarixli sərəncamına baxmayaraq, muzey durğunluq dövrünü yaşayır. Binada əsaslı təmir-tikinti işlərinə böyük ehtiyac var. Muzeyin otaqları darısqal və yararsız olduğundan, ekspozisiyaların təlimata uyğun qurulması mümkün deyildir.
   Xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərimizi əks etdirən maddi-mədəniyyət nümunələri yalnız hədiyyə yolu ilə muzeyə verilir. Əslində, vətəndaşlardan maddi-mədəniyyət nümunələrini almaq üçün muzeyin maddi vəsaiti yoxdur.

Asif Həsənli, 
Cəlilabad