Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə martın əvvəlindən 7 nəfər şirniyyatçı tərəfindən hazırlanan böyük paxlavanın uzunluğu 12 metr, eni isə dörd metr olub. Nəhəng şirniyyat dünən keçirilən bayram şənliyində kəsilərək şəhər sakinlərinə paylanıb. Şirniyyatçı Müzəffər Adiloğlu bildirib ki, hazırlanan paxlava ötən ildəkindən (uzunluğu 9, eni 3 metr) ölçü və çəkisinə görə böyük olub. Şirniyyatçının sözlərinə görə, çəkisi 3 tona yaxın olan paxlava 25 min dilimdən ibarətdir. Hazırlanma prosesində 7 min yumurta, 350 kq qoz, 25 kq fındıq, 20 kq badam ləpəsi, 350 kq şəkər tozu, 350 kq un və müxtəlif ədvalar istifadə olunub. Şirniyyat şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və şəhər ictimaiyyətinin nümayəndələrinin, Rusiya və MDB dövlətlərinin rekordlar kitabının nümayəndələri Aleksey Svistunov və İqor Ximtsovun iştirakı ilə kəsilib. Paxlavanın dünya rekordları siyahısına salınması üçün Rusiya və MDB rekordları kitabının redaksiyasına müraciət olunub və müsbət cavab alınıb. Bayram münasibətilə həmçinin Gəncənin mərkəzi meydanında Elza Seyidcahanın və digər incəsənət ustalarının iştirakı ilə bayram şənliyi keçirilib.   

  “Mədəniyyət”