Hörmətli redaksiya! Sizi kəndimizin (Qazax rayonu, Daş Salahlı) ərazisində yerləşən (12-ci əsrə aid olduğu güman edilən) “Alban Məbədi” adlanan tarixi abidənin taleyi ilə əlaqədar narahat edirəm.
   Bu abidəyə göstərilən ögey münasibət məni hər şeydən əvvəl bir vətəndaş kimi narahat edir və bu barədə sizə məlumat verməyi özümə borc bildim. Müraciətimdən məqsəd heç də kiminsə günahlandırılması, yaxud cazalandırılması yox, sadəcə, müvafiq orqanları öz səlahiyyət və vəzifələri çərçivəsində bu məsələyə bir əncam çəkməyə səsləməkdir.
   Bu abidənin yerləşdiyi Avey dağı Azıx mağarasından sonra Azərbaycanın ikinci ən qədim yaşayış məskəni hesab olunur (tarixi mənbələrin yazdığına görə). Deməli, bu ərazinin geniş şəkildə öyrənilməsinə ehtiyac var. Mən tarixçi olmasam da, bu ərazidə görüb-duyduqlarım belə düşünməyə əsas verir.
   Bu abidəyə qarşı bu soyuqluq bəlkə də həmin ərazinin Ermənistanla sərhəd zonada yerləşməsindən irəli gəlir. Yəni, müvafiq orqanların abidəyə nəzarət imkanları məhduddur. Amma belə düşünürəm ki, onun üzərində, heç olmasa, “Abidə Dövlət Tərəfindən Qorunur” lövhəsi asılmış olsa, yerli camaatda bir məsuliyyət və qürur hissi oyanardı.
   Gördüklərimin hamısını yazmağa o qədər də ehtiyac olmasa da, qısaca deyim ki, haçansa bu ərazi hansısa tarixçi-alimimizin geniş tədqiqat obyekti olacaqdır. Elə bu ümidlə də sözümü bitirir və inanıram ki, siz bu məsələyə biganə qalmayacaq, biz isə yaxın gələcəkdə gözəl bir nəticənin şahidi olacağıq.
   Diqqətinizə görə dərin minnətdarlığımı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
   
   Dərin hörmətlə,
   İ.V.İsmayılov