2010-cu ildə Bərdə şəhərinin 3 min illiyi qeyd olunacaq. Bir neçə illik elmi araşdırmalardan sonra arxeoloqlar, belə bir yekun rəyə gəlmişlər. Bu məqsədlə rayonda «Bərdə-3000» adlı konfrans keçirilib və məsələ Milli Elmlər Akademiyasının elmi Şurasında da müzakirə olunub. Mütəxəssislər bu qənaətə gəlib ki, qədim Bərdənin 3 min illik tarixi var. Bərdə arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədovun açıqlamasına görə, arxeoloji qazıntılar zamanı əldə olunan eksponatlar, eramızdan əvvəl 8-ci əsrə aid mixi yazılarda, o cümlədən qədim tarixi mənbələrdə «Bərdə» adına rast gəlinməsi şəhərin tarixinin 3 min ildən də əvvələ getməsini təsdiq edir. “Əgər Bərdə adi yaşayış məntəqəsi olsaydı, tarixi mənbələrdə onun adını çəkməzdilər. Arxeoloji qazıntılarda biz qala divarlarının qalıqlarını, Balatəpə adlanan ərazidə dəzgah tapmışıq. Dəzgahda hazırlanmış sənətkarlıq məmulatları, dəzgahlar tapırıq - bunlar şəhər sənətkarlığına aid nümunələr deyilmi”.
   Arxeoloq bildirir ki, Bərdənin 3 min yaşının təsdiqlənməsi üçün qızğın elmi mübahisələr öz yerində; bu təbiidir. Lakin bəzi qüvvələrin ərazinin tarixinin saxtalaşdırılması istiqamətində apardığı təbliğatın qarşısı təkzibolunmaz arxeoloji dəlillər və tarixi faktlarla alınıb. Bərdə arxeoloji ekspedisiyası rəhbərinin sözlərinə görə, Bərdə şəhərinin 3 min illiyinin qeyd olunması, həm də Qarabağın ümumi tarixinə işıq salacaq, Aran Qarabağla Dağlıq Qarabağın vahid məkan olduğunu bir daha təsdiqləyəcək. “Ona görə ki, eramızdan əvvəl 2-ci minilliyin ortalarında, Tunc dövrünün ortalarında sənətkarların maldarlardan ayrılması prosesi baş verib. Bunu Balatəpə Şatırlı kəndi ərazisində aparılan qazıntılar təsdiq edir. Təbəqələşmə zamanı əkinçi əhali düzən, maldar əhali dağlıq ərazidə məskunlaşmağa başlayıb. Bu onu göstərir ki, Qarabağ Tunc dövründən, bəzi dəlillərə əsasən, ondan da əvvəl vahid məkan olub, «Dağlıq Qarabağ» deyilən bir termin olmayıb”.
   Bərdə İcra Hakimiyyətindən verilən məlumata görə, gələn il 3 min illiklə bağlı təntənəli yubiley tədbirləri keçiriləcək. Dövlət səviyyəsində keçirilməsi planlaşdırılan tədbirdə xaricdən qonaqların və ölkəmizdəki diplomatik missiyaların nümayəndələrinin də iştirakı nəzərdə tutulur.