Oğuz Rayon Mədəniyyət Evinin zalında RİH-i, Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq Yaradıcılıq Birliyinin nümayəndələri, 2 saylı şəhər orta məktəbinin müəllim və şagirdləri, MKS-nin Uşaq şöbəsinin kollektivi bayram və əlamətdar günlərlə zəngin olan may ayının ilk günündə “Vətənpərvərlik ən ülvi bir hissdir” mövzusunda keçirdikləri tədbirdə bir araya gəldilər. Maraqlı və rəngarəng tədbirləriylə oxucuları sevindirən uşaq kitabxanasının işçiləri - baş kitabxanaçı K.Cəfərova. kitabxanaçı M.Malıyeva, həmçinin RİH-nin nümayəndəsi Y.Rzayev və b. 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar qarşıdakı vəzifələrdən, uşaqların hüquqlarından, Vətəndən və vətənpərvərlikdən danışdılar. Öz çıxışlarında onlar “Vətənpərvərlik nədir?, “Hardan başlanır Vətən?”, “Əsl vətəndaş kimdir?” və s. kimi sualları cavablandırmağa çalışdılar.
   
   “Hardan başlanır Vətən?
    Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti. varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki. VƏTƏN yaşasın.
   
   Vətənpərvərlik nədir?
    Vətənpərvərlik - özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil gələcək üçün yaratmaqdır, “Mən üçün” deyil “Bizlər üçün”, “Xalqım üçün” düşünməkdir.
   
   Əsl vətəndaş kimdir?
   Bənna külüngüylə, diplomat siyasətiyə, alim elmiylə, yazıçı, şair qələmiylə, tarixçi üzə çıxartdığı doğrularıyla, analar böyütdüyü nəcabətli övladlarıyla , qızlarımız nəsilbənəsil bizə miras qalmış ismətiylə, oğullarımız mərdliyi, qeyrətiylə, şagirdlərimiz təhsiliylə əsl vətəndaşdır. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır.
    Tədbirdə həyatı və fəaliyyəti ilə vətənpərvərlik örnəyi olan ümummilli liderimiz H.Əliyevin Azərbaycanin bu günü və gələcəyi üçün gördüyü işlərdən də söhbət açıldı.
    Sonra məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbiri yekunlaşdıran Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova şagirdlərə şöbənin Fəxri fərmanlarını və uşaq kitabxanasının hədiyyələrini təqdim etdi.
   
   Q.Hüseynova,
   Oğuz