Hörmətli redaksiya! Sizə müraciətim kəndimizin ərazisində yerləşən 12-ci əsrə aid olduğu ehtimal edilən “Alban məbədi” adlanan tarixi abidə ilə bağlıdır.
   Bu abidəyə göstərilən ögey münasibət hər şeydən əvvəl bir vətəndaş kimi məni narahat edir. Bu barədə məlumat verməyi özümə borc bildim. Müraciətimin səbəbi kimisə günahlandırmaq, yaxud irad tutmaq yox, müvafiq orqanları öz səlahiyyət və vəzifələri çərçivəsində bu yolda müəyyən addımlar atılmağa səsləməkdir.
   Abidənin yerləşdiyi Avey dağı Azıx mağarasından sonra ölkəmizdə ikinci ən qədim yaşayış məskəni hesab olunur. Odur ki, bu ərazinin geniş şəkildə öyrənilməsinə ehtiyac var.
   Bu qiymətli tarixi abidəyə biganə münasibət həmin ərazinin Ermənistanla sərhəddə yerləşməsi ilə daha çox bağlıdır. Amma bu əsas vermir ki, sərhəddə yerləşən abidə unudulsun. Tikilinin üzərində “Abidə dövlət tərəfindən qorunur” sözləri yazılan kiçik bir lövhə asmaq elə də çətin olmaz.
   Gördüklərimin hamısını hələlik yazmağa ehtiyac duymuram. Mən bu yerləri qarış-qarış gəzmişəm. O qənaətdəyəm ki, haçansa bu ərazi tarixçi-alimlərimizin geniş tədqiqat obyekti olacaq.
   Hörmətli redaksiya! Sizdən xahişim budur ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumlarının məsələdən xəbər tutmaları üçün məktubumu dərc edəsiniz.
   Tel: (055) 866 06 44
   e-mail: ismailov811@gmail.com
   

   İsmayıl İsmayılov,
   Qazax rayonu, Daş Salahlı kəndi