Ucqar dağ rayonunun mədəni mənzərəsi nə deyir?
   
   2009-cu il noyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun başçılığı ilə nazirliyin bir qrup əməkdaşı Lerik rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri ilə görüş keçirdilər. Qeyd edək ki, bölgələrdə mədəniyyət müəssisələrinin həyatı ilə yaxından tanışlıq, nöqsan və problemlərin yerindəcə öyrənilməsi məqsədi ilə təşkil olunan belə görüşlərin keçirilməsi artıq ənənə halını alıb. Bütün bunlar gələcəkdə bölgələrin mədəni həyatının daha da canlanması yolunda öz bəhrəsini verməkdədir. Digər tərəfdən, yerli müəssisələr üzləşdikləri problemlərlə bağlı konkret təkliflər verir və lazımi məsləhətlər alaraq öz işlərində tətbiq etməyə çalışırlar. Lerik rayonunun Mədəniyyət evində keçirilən görüş də bu baxımdan səmərəli olmaqla bərabər, geniş fikir mübadiləsi şəratində keçdi.
   
    Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Elxan Qəmbərov çıxıs edərək belə görüşlərin keçirilməsinə ehtiyac olduğunu, bunun mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılmasına müsbət rola malik olduğunu bildirdi.
   “Doğrudur o vaxtlar Sovet hökuməti ən ucqar nöqtələrdə belə infrastruktur qurmuşdu, ancaq deyə bilərəm ki, Lerik indi heç zaman olmadığı kimi mədəni bir həyata malikdir. Bunu mövcud mədəniyyət müəssisələrinin fəaliyyətində və yeniliklərlə müşahidə olunan inkişafda görmək mümkündür. Bugünkü görüşü də məhz bu baxımdan, mədəni həyatın daha da canlandırılması istiqamətindən yüksək qiymətləndirmək lazımdır”.
   Tədbirdə nazirliyin Aparat rəhbəri Firudin Qurbanov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin yarandığı vaxtdan indiyədək həyata keçirilən yerli və beynəlxalq proqramlar, aparılan islahatlar barədə geniş məlumat verdi.
   “Bu gün Azərbaycan dünyanın tanınmış sənət adamlarının iştirak etdiyi beynəlxalq tədbirlərin məkanına çevrilib. Eyni zamanda biz öz mədəniyyətimizin də dünyada tanınması siyasətini aparırıq. Bu gün muğam sənəti, aşıq musiqimiz YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Və artıq bu siyahıya Novruz bayramı da salınıb. Maddi irs siyahısına isə İçərişəhərin, Qız Qalasının, Şirvanşahların, Qobustanın daxil edilməsi ümumilikdə mədəniyyətimizin uğurudur. Bu uğurlar sırasında bölgələrimizin də mədəni həyatı dövlətin diqqətindədir”.
   O, xüsusilə qeyd etdi ki, bu gün qeyri-neft sektorunun inkişafında turizm strateji əhəmiyyət daşımağa başlayıb və bu sahədə xeyli iş görülüb. Turizmin inkişaf tempini rəqəmlərlə açıqlayan məruzəçi qeyd etdi ki, bu sahənin yüksəlişi nə qədər iqtisadi göstəricidirsə, o qədər də mədəniyyətin tanıtımıdır. Nazirliyin Aparat rəhbəri Firudin Qurbanovun çıxışında qeyd etdiyi - “dünyanın ən gözəl təbiəti İsveçrədədir deyirlər, lakin Lerik bu baxımdan heç də İsveçrədən geri qalmır” - sözləri alqışlarla qarşılandı. Çıxışçı əlavə etdi ki, rayonun infrastrukturunun yenilənməsi turizmin inkişafına əsaslı təsirini göstərəcəkdir.
   Məruzəçi görüşün keçirilməsinin konkret məqsədinə də toxunaraq bildirdi ki, onun başçılıq etdiyi heyət bir gün əvvəl rayonun əksər mədəniyyət müəssisələrini gəzərək real vəziyyətlə yerindəcə tanış olub. İndi əsas məqsəd üzə çıxan problemlərin həlli istiqamətlərini müəyyən etməkdir. Natiq bildirdi ki, nazirliyin müvafiq şöbə və bölmə əməkdaşları da burada iştirak edir və lazımi təkliflər, təşəbbüslər onların da diqqətində olacaqdır.
   Aparat rəhbəri Firudin Qurbanov video-xülasələrin müşayiəti ilə rayon mədəniyyət müəssisələrinin fəaliyyətindəki nöqsan və çatışmazlıqları qeyd etdi, genis turizm potensialına malik bölgədə çalışanlar qarşısında duran məqsəd və vəzifələrdən danışdı, mədəniyyət və turizm sahəsində gedən inkisaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri görüş iştirakçılarının nəzərinə çatdırdı.
   Rayondakı “Uzunömürlülər muzeyi”ni dünyada analoqu olmayan mədəni müəssisə kimi dəyərləndirən natiq, onun rayonun pasportu olaraq qorunmasını vacib saydı. Xüsusilə qeyd etdi ki, turizm müəssisələrində xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Günəşli, Piran kənd mədəniyyət evlərində vəziyyətin xüsusilə acınacaqlı olduğunu önə çəkən natiq vurğuladı ki, bu müəssisələrin binaları sovet hakimiyyətinin vaxtında tikilməklə bərabər, keyfiyyətsiz inşa edilib. Bu cür halların aradan qaldırılmasında müasir tipli mədəniyyət müəssisələrinin yaradılmasının çıxış yolu olduğunu bildirən aparat rəhbəri, həmçinin strukturun da yenilənməsinin vacib amilə çevrildiyini nəzərə çatdırdı. O, daha sonra bildirdi ki, dövlət başçısı son illərdə mədəniyyətin inkişafı ilə bağlı 200-dən çox sərəncam imzalayıb. Dövlətin prioritet istiqamətlərindən biri mədəniyyət müəssisələrinin yenidən qurulması, bərpası və yenilərinin inşasıdır. Son 5 ildə respublikamızın paytaxtında onlarla belə yeni mərkəzlər inşa olunub, bəziləri isə əsaslı şəkildə müasir standartlara uyğun təmir edilib. Bir sıra rayonların mərkəzlərində mədəniyyət ocaqları əsaslı təmir olunsa da, bölgələrdəki mədəniyyət obyektlərinin əksəriyyətinin yenidən inşasına ehtiyac var.
    Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əlsultan Sadıqov, “Uzunömürlülər muzeyi”nin, uşaq musiqi məktəbinin, MKS-in və Günəşli kənd kitabxanasının direktorları çıxış etdilər. Çıxışlardan məlum oldu ki, müəssisələrin yerləşdikləri əksər binalar ötən əsrin 50-60-ci illərində tikildiyindən onların təmirə ehtiyacı var. Kitabxanalarda uşaq ədəbiyyatı çox azdır, kadr potensialı yetərli deyil. Abidələr arasında məsafə çoxluğu və ərazilərin dağlıq olması baxımından nə nəqliyyat, nə də abidə mühafizəçilərinin sayı yetərli deyil. Çıxışlardan sonra tədbir istirakçılarının çoxsaylı sualları nazirliyin əməkdaşları tərəfindən cavablandırıldı, mövcud problemlərin həlli yolları müzakirə edildi.
   Toplantıya yekun vuran F.Qurbanov bildirdi ki, mədəniyyət və turizm müəssisələri əhaliyə xidmət sahəsində zamanın tələbini əsas götürməli və bölgələrin də mədəni həyatı bu istiqamətdə inkişaf etdirilməlidir. Siz mədəniyyət işçiləri də bu yolda öz vəzifələrinizi məsuliyyətlə yerinə yetirməlisiniz.
   Tədbirdən sonra qəzetimizə açıqlama verən nazirliyin Aparat rəhbəri F.Qurbanov bölgələrdə keçirilən belə görüşlərin səmərəsiz qalmadığını önə çəkərək bildirdi ki, bu gün Lerikin mədəni həyatındakı çatışmazlıqlarla əyani tanış olmaq imkanı yarandı, mövcud problemlər diqqətə götürüldü. O, həmçinin qeyd etdi ki, Quba, Qusar, Gədəbəy rayonlarında keçirilən eynitipli görüşlər kimi Lerik rayon mədəniyyət işçiləri ilə də birbaşa görüş bölgənin mədəni həyatında yeni üfüqlər açacaq. Onun sözlərinə görə, bu görüşlər silsiləsi növbəti ildə də davam etdiriləcək.
   
   Sabutay Nağıyev,
   Lerik