İnsanın mədəni, ictimai, siyasi və iqtisadi xarakterinin təkamülündə ana dilin böyük əhəmiyyəti var. Bir dilin qorunması elə millətin qorunması deməkdir. Uzun illər müxtəlif təqiblərə, təzyiqlərə, qadağalara məruz qalan dilimizin qorunması, inkişafı və dövlət səviyyəsində təsdiqi məhz ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Elə bu münasibətlə Oğuz rayonundan H.Əliyev Muzeyində Beynəlxalq Ana dili Günü ilə əlaqədar “Azərbaycan dili və dilimizə H.Əliyev qayğısı» mövzusunda tədbir keçirildi.
   Mərasimdə H.Əliyev muzeyinin əməkdaşı, eyni zamanda tədbirin təşkilatçısı M.Kərimovanın dilimizin inkişafında xalqımızın ümummilli lideri H.Əliyevin müstəsna xidmətlərindən, tarix-diyarşünaslıq muzeyinin direktoru A.Xudiyevanın ana dilimizin incəliyindən və gözəlliyindən, RİH-in məsul işçisi Y.Rzayev “Avesta” kitabından üzü bəri dilimizin qədimliyindən, muzeyin əməkdaşı G.Abdullayeva “Beynəlxalq ana dili“, L.Sadıqova “Azərbaycan dili və H.Əliyev”, 1 saylı şəhər orta məktəbinin şagirdləri S.Kərimovanın “Dilçilik tariximiz” və F.Manafovanın “Ana dilim - Azərbaycan dilim” mövzusundakı çıxışlarını da ana dilin müqəddəsliyini önə çəkdilər.
    Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova çıxışında 80-ci illərdə Azərbaycan dilinə olan münasibətdən bəhs müstəqilliyimizin, eyni zamanda ana dilimizin qiymətini bilmək, qoruyub saxlamaq bir vətəndaş olaraq hər birimizin borcu olduğunu vurğuladı.
   
   Qəsidə HÜSEYNOVA,
   Oğuz