Azərbaycanın qədim torpağı olan, minilliklərin izini yaşadan Naxçıvanın zəngin tarixi-mədəni abidələri, böyük turizm potensialı var. XII əsrdə Şərq aləmində böyük memar və öz dövrünün «mühəndislər şeyxi» adlandırılan Əbubəkr Əcəminin vətəni olan Naxçıvan torpağının hər bir daşı, qayası, dağı canlı tarixdir. Son dövrdə bölgədə turizm imkanlarının genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.
   
   
   Bu barədə söhbət açan muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva turizmin dünyanın bir çox ölkələrinin əsas gəlir mənbəyi, sosial-iqtisadi, mədəni inkişafının mühüm amillərindən biri olduğunu vurğulayır: «Yeraltı və yerüstü sərvətləri, Sirab və Badamlı kimi mineral sular, büllur bulaqları ilə məşhur olan, daş kitabələr olan Gəmiqaya rəsmləri, Kültəpə, Oğlanqala və neçə-neçə maddi-mədəniyyət nümunələrinin diyarı olan Naxçıvan turizm baxımdan cəlbedici regiondur. Muxtar respublikada turizmin imkanları onun əlverişli coğrafi mövqeyi və təbiəti, zəngin mədəni tarixi, abidələri, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri, mehmanxana və hotelləri ilə ölçülür. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqedə yerləşməsi, Türkiyə və İranla həmsərhəd olması da turizmin inkişafına şərait yaradan amillərdəndir».
   Şöbə müdirinin sözlərinə görə, muxtar respublikada 1170-ə yaxın tarixi abidə var ki, onun 56-sı dünya əhəmiyyətlidir: «Tarixi abidələrimizdən Möminəxatun, Yusif ibn Küseyiroğlu türbələri, Qarabağlar memarlıq kompleksi, Xanəgah abidə kompleksi, Gəmiqaya abidələri, İlanlı dağ abidələri, Qurani-Kərimdə bəhs edilən Əshabi-Kəhf ziyarətgahı, Kültəpə abidələri, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar bu günə qədər gəlib çıxan sənətkarlıq nümunələri turistlər üçün cəlbedici və maraqlıdır».
   Şöbə müdirinin sözlərinə görə, Naxçıvanın mineral suları, Duzdağ Fizioterapiya Xəstəxanası, Darıdağ Balneoloji Müalicəxanası turistlər üçün xüsusilə cəlbedicidir. Ümumilikdə muxtar respublikada mədəni, ekoloji, müalicə və digər turizm növlərinin inkişaf etdirilməsinə şərait var: «Muxtar respublikada 1 təbiət qoruğu, 1 milli park, 2 təbiət yasaqlığı, 1 tarix-memarlıq qoruğu, 1 tarixi bədii qoruq, 2 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu, 3 teatr, 21 muzey, filarmoniya, 4 lisenziya almış mehmanxana var. «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda və «Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda digər sahələrlə yanaşı, muxtar respublikada turizmin inkişaf etdirilməsi üçün tədbirlər nəzərdə tutulub».
   Naxçıvanda müxtəlif xarakterli beynəlxalq tədbirlər də keçirilir. 2008-ci ildə burada İslam Konfransı Təşkilatının «Dini və sağlamlıq turizmi. Mənəvi və fiziki istirahətin təşkili» adlı beynəlxalq konfransı və 2009-cu ildə dövlət başçılarının zirvə toplantısı keçirilib.
   Turizmin inkişafı üçün problemlərə gəldikdə isə, şöbə müdiri muxtar respublikanın blokadada olması, nisbətən bahalı olan hava nəqliyyatından istifadənin müəyyən çətinliklər törətdiyini bildirir.
   
   Hüseyn Əliyev,
   Naxçıvan