Azərbaycanın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu ikiəsrlik dövrdə tarixi və mədəni irsimizin məruz qaldığı aşınmalardan biri də yer adlarımızın dəyişdirilməsi ilə bağlı olub. Yüzlərlə qədim yer adları dəyişdirilərək, ya rus mənşəli, ya da digər adlarla əvəz edilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarixi yer adlarının bərpası istiqamətində mühüm addımlar atıldı və proses bu gün də davam etməkdədir.
   
   Bu yaxınlarda Milli Məclis Dəvəçi rayonunun Şabran adlandırılması barədə qanun qəbul edib və ölkə prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilib və ərazisi Abşeron rayonuna verilib. 1965-ci ildə yenidən müstəqil rayon olub.
   Şabran şəhəri qədim və Orta əsrlərdə indiki Dəvəçi rayonu ərazisində yerləşib. Tarixi versiyalara görə, «Şabran» adı hələ eramızdan əvvəl burada yaşamış tayfaların adından götürülüb. Ərazidə arxeoloji qazıntılarda iştirak edən tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiyası şöbəsinin müdiri Tarix Dostiyev bildirir ki, tarixi İpək yolunun üzərində yerləşmiş şəhər zaman-zaman hücumlara məruz qalıb, əhalisi isə etnik müxtəlifliyi ilə fərqlənib: «Amma bu ərazinin əsas sakinləri qədim türk tayfalarından - sabirlər olub. Ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə düşərək Şabran şəklini alıb. Bu ərazidə massaget və hun tayfalarının da yaşadığı güman olunur. Bundan başqa, bu əraziyə vaxtilə türk tayfaları - xəzərlər də hücumlar edib. Bu baxımdan Şabranın adını Xəzər xaqanı Şadın adı ilə əlaqələndirənlər də az deyil».
   T.Dostiyev isə bildirir ki, Şabran şəhəri Erkən Orta əsrlərdə mövcud olub və bunu arxeoloji qazıntılar təsdiqləyir: «Şabranda qaynar şəhər həyatı dövrü IX-XV əsrlərə təsadüf edir. Müxtəlif mənbələr Şabranın qüdrətli Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu göstərir. Şabranın bu statusu IX əsrə qədər, yəni Şamaxı şəhəri yüksələnədək davam edib. Şəhərin Şirvanşahların iqamətgahı olmasını sübut edən faktorlardan biri də burada onların nəslinə aid sərdabənin olmasıdır. Tədqiqatçıların fikrincə, Şabranı qədim paytaxt şəhəri kimi Qəbələ, Bərdə və Naxçıvanla müqayisə etmək mümkündür».
   XIV əsrdə Teymurləngin Azərbaycana hücumu zamanı Dərbəndin dağıdılması və liman-şəhər rolunu itirməsindən sonra Şabranda dəniz ticarəti fəallaşıb. XVI-XVII əsrlərdə isə şəhər Səfəvilər dövləti ilə Osmanlı arasında gedən müharibələrə meydan olub.
   Şabranın tarixi ərazisinə gəlincə, tarixçi şəhərin Dəvəçi rayonunun Şahnəzərli və Rəhimli kəndləri arasında, Şabrançay sahilində olduğunu bildirir: «Tarixi mənbələrdə XIX əsrdə həmin ərazi Şabran nahiyəsi adlanıb. Bu barədə A.Bakıxanov «Gülüstani-İrəm» əsərində söz açır. XIX əsrin əvvəllərində isə Şabran çay adı kimi qeyd olunur.
   Beləliklə, Şabran şəhərinin tarixi hələ Erkən Orta əsrlərdə Azərbaycanda şəhər həyatının mövcudluğunu təsdiqləyir. Bu gün həmin adın mövcud olduğu tarixi əraziyə qaytarılması xalqın yaddaşını bir daha təzələyir.
   Digər tərəfdən, Şabran şəhərinin adının bərpası bu ərazidə arxeoloji tədqiqatları davam etdirmək zərurətini ortaya çıxarır.
   Dəvəçi adı isə bundan sonra Şabran rayonunun kəndlərindən birinin adında yaşayacq. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bildirdiyinə görə, rayonun Yenikənd yaşayış məntəqəsinə Dəvəçi adı veriləcək.
   
   Mehparə