İsmayıllı rayonunda istehsal olunan xalçaların albom-kataloqu hazırlanıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, albom-kataloqun hazırlanmsı bir neçə zərurətdən irəli gəlib. Birincisi, İsmayıllı xalçaları barədə Bakı və respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, sifarişlər artsın. İkincisi və ən əsası isə bu xalçaların xarici ölkələrdə də daha geniş tanıdılması və ixracının təşkili, beynəlxalq sərgilərə çıxarılmasıdır.
   Albom-kataloq həm də ermənilərin digər maddi-mədəniyyət nümunələrimiz kimi, Azərbaycan xalçalarını da xarici ölkələrdə öz məhsulları kimi təqdim etməsinin qarşısını almağa kömək edəcək.
   Xalçaçılıq sahəsində qədim və zəngin ənənələri olan İsmayıllıda son illər bu sahəyə maraq xeyli artıb. Rayonda fəaliyyət göstərən “Gülüstan” xalça sexində və “Xoşbəxt-x” kiçik müəssisəsində hər il 350-400 kvadratmetr xalça toxunur. “Şirvan”, “Qollu çiçək”, “Pərvan”, “Dağlı çiçəyi”, “Pərvəndi” adlı xalçalar öz zərifliyi və zəngin rəng çalarları ilə nəinki Azərbaycan alıcıları, həm də xarici mütəxəssislər və alıcılar tərəfindən böyük maraqla qarşılanır.