Ağstafa
   
   Mayın 19-da Ağstafa şəhər Mədəniyyət evində rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Kitab bayramı keçirilib. Tədbirdə “Müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə kitabxanalarına hədiyyələri”, “Ağstafam - kamal ocağım”, “Hüseyn Arifin şeir dünyası”, “Ana dilim-hikmət xəzinəm”, “Uşaqların nağıl dünyası” başlıqlı kitab sərgiləri oxuculara təqdim edilib. Prezident İlham Əliyevin sərəncamı ilə nəşr edilmiş və kitabxanalara hədiyyə edilmiş kitabların xüsusi təqdimatı da keçirilib.
   Tədbirdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov qonaqları bayram münasibətilə təbrik edib tədbirin keçirilməsinin məqsədi haqqında danışıb. Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Namazova respublikanın bütün şəhər və rayonlarında III Ümumrespublika Kitab Bayramının keçirildiyini diqqətə çatdırıb.
   Kitab bayramında Ağstafa rayonunda fəaliyyət göstərən “Hüseyn Arif” adına ədəbi birliyin üzvləri, rayonun məktəbdənkənar uşaq müəssisələrinin kollektivləri, idarə və müəssisələrdən nümayəndələr, məktəblilər və mətbuat nümayəndələri iştirak ediblər.
   Tədbirdə “Ləman” rəqs qrupunun çıxışları, habelə kitaba, elmə həsr edilmiş şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   
   Qax
   
   Mayın 19-da Qax rayonunda C.Cabbarlı adına Mərkəzi kitabxana “Kitab intellektin açarıdır” adlı III Kitab bayramı keçirib. Tədbirdə “Kitab intellektin açarıdır!” devizi altında keçirilən kitab bayramında “Xalqa, vətənə, dövlətə sədaqət”, “Heydər Əliyev və Azərbaycan”, “Tarixin daş yaddaşı”, “Qax abidələri”, “Milli-mənəvi dəyərlərimiz”, “Qaxın 80 illik yubileyi”, “2010-cu il ekologiya ilidir”, “Tarix-diyarşünaslıq muzeyindən nümunələr”, “Ətraf mühitin mühafizəsi”, “Əl işlərindən ibarət sərgilər” və s. kitab sərgiləri nümayiş etdirilib.
   Qax rayon İcra Hakimiyyətinin başçısı M. Səkiliyev Kitab bayramının iştirakçılarını salamlayaraq respublikada aparılan quruculuq işlərindən danışıb.
   Şair, publisist, tərcüməçi G. Paçxataşvili tədbirin böyük əhəmiyyətindən danışaraq bu cür tədbirlərin əhalinin kitaba, elmə, mütaliəyə həvəsinin artırdığını bildirib. Qax rayon “Kürmük nəğmələri” ədəbi birliyinin sədri A.Şahmirov yeni şeirini söyləyib.   

   Yardımlı
   
   Mayı 19-da Yardımlı şəhərində də Kitab bayramı təşkil olunub. Yardımlı rayon MTŞ-nin müdiri Ayaz Əlyevin verdiyi məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, yaradıcı ziyalılar, şəhər məktəblərinin yuxarı sinif şagirdləri, ayrı-ayrı kəndlərdən ən fəal oxucular iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ayaz Əliyev Kitab bayramının mahiyyəti, bu tədbirin keçirilməsinin əsas məqsədi barədə danışıb. 1 saylı şəhər kitabxanasının müdiri Gündüz Manafov rayonda kitabxana işinin təşkili, əhaliyə göstərilən kitabxana xidməti və son illər bu sahədə görülən tədbirlər barədə məlumat verib.
   MKS-nin metodiki biblioqrafiya işi şöbəsinin müdiri Rahim Səfərov kitab tarixi, tanınmış ziyalılar və görkəmli şəxsiyyətlərin kitab haqqında yazdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Gənc şair, tarix-diyarşünaslıq muzeyinin fond mühafizi Əlisəfa Əhmədoğlu Yardımlıdan olan yazarların nəşr olunmuş kitabları barədə oxuculara məlumat verib. Gənc şair Yadigar Qələmovun yeni işıq üzü görmüş «Bu dünyada gözüm yox» şeirlər kitabının təqdimatı da keçirilib.