Azərbaycanda ilk dəfə olaraq Folklor paytaxtı - Qazaxda at belində turizm marşrutunun planı hazırlanıb. Bu barədə Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin baş abidə mühafizəçisi Nofəl Qurbanov məlumat verib.
   

   Onun sözlərinə görə, məqsəd rayonun ucqar, avtomobil yolu olmayan yerlərindəki tarixi abidələr yerləşən ərazilərə turistlərin diqqətini çəkməkdir: “Elə ərazilər var ki, ora maşın çətinliklə gedir. Bunu nəzərə alaraq həmin ərazilərin dəqiq xəritəsini işləmişik. Marşrut üzrə hərəkət etmək istəyən turistə at, ov etmək və balıq tutmaq üçün ləvazimat veriləcək. Turist göstərilən marşrut üzrə bələdçinin köməyi ilə gəzəcək.”
   Qeyd edək ki, zəngin tarixə və əlverişli turizm şəraitinə malik Qazax rayonunda ümumilikdə 112 tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunlardan 3-ü dünya, 52-si ölkə, 57-si isə yerli əhəmiyyətlidir.