Bərdə şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ənənəvi kitab bayramı keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Xasay Mehdiyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Soltan Həsənov kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edərək bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıblar.
   Natiqlər son illər ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, rayon kitabxanalarının fəaliyyətindən, onların yenidən qurulması istiqamətində görülən işlərdən söz açıblar.
   Kitab bayramında “Heydər Əliyev-87”, “Qədim Bərdə” “Klassik irsimiz”, “Uşaq ədəbiyyatı”, “Oxuyaq, düşünək, öyrənək” mövzularında sərgilər, bərdəli şair və yazıçıların kitabları nümayiş etdirilib. “Heydər Əliyev və Bərdə” kitabı, Bərdənin tarixi, mədəniyyəti haqqında kitablar daha çox diqqəti cəlb edib.
   * * *
   III Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində növbəti tədbir Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilib. Laçın rayon İcra Hakimiyyətinin dəstəyi, Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 128 adda kitab nümayiş etdirilib, Laçın ziyalılarından olan İsa Laçınlının «Vətənə aparan yol» kitabının təqdimatı keçirilib. Şair İsa Laçınlı «Vətənə aparan yol» kitabından 160 nüsxə Laçın rayon MKS-nin fonduna hədiyyə edib.
   * * *
   Mayın 25-də Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Kitab bayramı keçirib. «Hər bir sirrin qapısıdır kitablar» devizilə keçirilən tədbirdə min nəfərdən çox kitabsevər iştirak edib. Tədbir iştirakçıları kitab sərgiləri ilə, yaşı 200 ildən artıq olan nadir nüsxələrlə, ölkə prezidentinin sərəncamına uyğun olaraq latın qrafikası ilə nəşr olunmuş 15-dən çox mövzunu əhatə edən 15 mindən artıq kitabla tanış olublar. Kitabxanaçıların hazırladığı «Ekologiya ili-2010», «Qarabağın qan yaddaşı», «Cəlilabad yazarları», «Uşaqlar gələcəyimizdir» başlıqlı və digər adda 10-dan çox kitab sərgisi və fotostend iştirakçılarda maraq doğurub.