Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında, Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədovun sözlərinə görə, buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: “XIV əsrə aid edilən Şeyx Babı Yəqubi türbəsi ibadət və mədrəsə kimi istifadə olunub, sonradan böyük qalaya çevrilib. Çox güman ki, burada orta əsr müəlliflərinin əsərlərində adıçəkilən iri yaşayış məntəqələrindən biri yerləşib. Bu ərazi bir tərəfdən Araz çayı ilə, digər tərəfdən Arazdan çəkilən qolla əhatələnib, bu da onun müdafiəsini şərtləndirən cəhət olub. İndi həmin ərazinin bir hissəsi qəbiristan, bir hissəsi isə yaşayış evləri kimi istifadə olunur. Burada tədqiqatlar aparmağa çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır”.
   A. Məmmədov deyib ki, Qarabağ müharibəsinin gedişində əraziyə mərmilər düşdüyündən qədim yaşayış məskəninin bəzi hissələri artıq görünür: “Yəni burada arxeoloji qazıntılar aparmaq asan olacaq. Həmin ərazidən 3 km məsafədə “Nağara təpəsi” deyilən ərazidə antik və ilk orta əsrlərə aid yaşayış yeri də aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarmışıq. Yaxın vaxtlarda bu ərazilərdə də arxeoloji tədqiqatlara başlamaq niyyətindəyik”.