Salyan rayonunda Babazanan dağında qədim yaşayış məskəni aşkar edilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan materiallar bu ərazidə 2800 il əvvəl yaşayış olduğunu sübut edir. Bu günlərdə rayonda keçirilən “Salyanın arxeoloji və memarlıq irsi” adlı elmi-praktiki konfransda da bu barədə söhbət açıldı.
   Konfrans iştirakçıları əvvəlcə “Salyan rayonunun arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində rolu” adlı sərgidə nümayiş olunan kitab və dövrü mətbuatla tanış oldular, arxeoloji qazıntı zamanı Bəndovan, Kürsəngi, Babazanan və Qırxçıraq ərazisində aşkarlanmış eksponatlara baxış keçirildi. Salyan ekspedisiyasının rəisi Arif Məmmədov aşkarlanan eksponatlar haqqında məlumat verdi.
   Tədbiri Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq qonaqları salamladı. Konfransda AMEA-nın vitse-prezidenti Arif Həşimov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Tarix İnstitutunun direktoru, professor, millət vəkili Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Vəli Əliyev və digərləri çıxış edərək Salyanın arxeoloji və memarlıq irsi barədə danışdılar. Konfransdan sonra iştirakçılar rayonun memarlıq abidələrinə baxış keçirdilər, Babazanan dağında tapılmış küp qəbirlərlə tanış oldular.
   
   Rəfiqə Ağabəyli,
   Salyan