Tarixi-mədəni, ədəbi-bədii, elmi və fəlsəfi irsin toplanmasında, nəsildən-nəslə ötürülməsində və cəmiyyətin intellektual mənəvi potensialının inkişafında kitabxanaların fəaliyyəti əvəzsizdir. Bu baxımdan Qəbələ rayon MKS öz fəaliyyətini yüksək şəkildə quraraq oxucu dairəsini genişləndirməyə nail olmuşdur. Kitabxanamız hər il bir sıra tədbirlər keçirərək oxucuları kitabxanalara cəlb etməkdə davam edir. Belə tədbirlərdən biri də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə kitabxananın uşaq şöbəsinin Qəbələ şəhər 1 saylı uşaq bağçası ilə birlikdə keçirdiyi tədbir oldu.
   Tədbirdə kitabxananın direktoru Ramiz Mirzəyev, uşaq şöbəsinin müdirəsi Sevda İsrayılova çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etdilər. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Xalis Məmmədov, rayon Mədəniyyət və Turizm Şöbəsinin baş inspektoru Anar Rüstəmli belə tədbirlərin gələcək nəslin təfəkkürünün və bilik dairəsinin genişlənməsində, uşaqların intellektlərinin inkişaf etdirilməsində mühüm rolu olduğunu bildirdilər.
   Tədbirdə MKS-nin əməkdaşları - metodiki şöbənin müdiri Maarif Həsənov, xidmət şöbəsinin işçisi Günel Qarayeva çıxış edərək bayram münasibətilə təbriklərini çatdırdılar.
   Uşaqların gözəl rəqsləri, söylədikləri şeirlər, oxuduqları mahnılar tədbiri daha da rövnəqləndirdi. Sonda uşaqlara hədiyyələr təqdim olundu.

   Aqibət Babayeva,
   Qəbələ MKS-nin işçisi