Ağdamda uşaq musiqi və ümumtəhsil məktəblərinin xor kollektivlərinin rayon müsabiqəsi keçirilib.
   
   Müsabiqənin məqsədi xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin genişləndirilməsidir.
   Müsabiqənin birinci mərhələsində 17 ümumtəhsil, 8 uşaq musiqi məktəbinin xor kollektivləri iştirak ediblər. Quzanlı mədəniyyət evində keçirilən yekun mərhələdə ikinci tura vəsiqə almış xor kollektivlərinin çıxışları dinlənilib. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Qaradağlı, Qiyaslı və Xındırıstan kənd uşaq musiqi məktəblərinin xor kollektivləri layiq görülüb.
   Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov qalib kollektivləri təbrik edib, onlara uğurlar arzulayıb. Fərqlənən xor kollektivləri icra hakimiyyətinin diplom və pul mükafatları ilə təltif olunub.