Lənkəran Dövlət Dram Teatrında tanınmış rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 
   Tədbirdə Lənkəran teatrının inkişafında böyük xidmətləri olmuş rejissorun həyat və yaradıcılıq yolunu əks etdirən sərgi təqdim edilib.
   Qonaqlar B.Rzayevin ifasında Ü.Hacıbəylinin «Sevgili canan» romansını dinlədikdən sonra rejissorun quruluş verdiyi «Olanlardan, keçənlərdən», «Ölülər», «Pənah xan Cavanşir” tamaşalarından parçalara tamaşa ediblər.
   Qeyd edək ki, B.Rzayev Lənkəran Dövlət Dram Teatrında 50-dən çox tamaşada aktyor və 75 əsərin quruluşçu rejissoru olub. Sənətkar 1980-ci ildə Moskvada keçirilən «Kütləvi bayram və tamaşalar» müsabiqəsində «Qızıl medal»la, 1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin mükafatı ilə təltif olunub.
   
   G.Abdullayeva