İyulun 4-də Şəki şəhərində Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xanları Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram tədbirində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndə heyətləri, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış elm və incəsənət xadimləri, digər qonaqların iştirakı gözlənilir.
   Tədbirin təntənəli açılış mərasiminin “Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilməsi nəzərdə tutulur. Sonra yubiley tədbiri Xan sarayının həyətində davam edəcək. Bayramın iştirakçıları Şəki xanlığının tarixini özündə əks etdirən teatrlaşdırılmış tamaşadan sonra “Şərq bazarı” ilə yaxından tanış olacaqlar.