Bayram tədbirində rayonun mədəni irsi, xalq sənətkarlığı, turizm imkanları nümayiş olunub, incəsənət ustaları və özfəaliyyət kollektivləri çıxış edib
   
   Avqustun 31-də İsmayıllı rayonunda "İsmayıllı günü" keçirilib və bu münasibətlə böyük bayram şənliyi təşkil olunub. Şənlikdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
   
   "Qala divarlar"ı qarşısında təşkil edilən tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı bədii kollektivlərinin, milli azlıqların folklor qruplarının çıxışları olub, misgərlərin, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgisi açılıb, milli mətbəx nümunələri nümayiş etdirilib.
   "İsmayıllı günü"nün rəsmi açılış mərasimi rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət evinin qarşısında keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun açılış nitqindən sonra mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Yaponiya və Rusiyanın Azərbaycandakı səfirləri Şusuke Vatanabe və Vladimir Doroxin, millət vəkili Novruzəli Aslanov və digər qonaqlar çıxış ediblər.
   Nazir müavini N.Səmədov xalq yaradıcılığının, milli adət və ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılması məqsədilə təşkil olunmuş tədbirin əhəmiyyətini qeyd edib. Belə tədbirlərin İsmayıllı ilə yanaşı, qonşu rayonlarda da mədəni irsin təbliğinə, sənətkarlığın inkişafına töhfə olduğu vurğulanıb.
   Geniş ictimaiyyətin, çoxsaylı sakinlərin qatıldığı “İsmayıllı günü”ndə rayonun qədim tarixi, zəngin folkloru, xalq sənətkarlığı, müasir sosial-iqtisadi inkişafı, mədəniyyət, turizm, təhsil sahələrində qazanılan nailiyyətləri nümayiş olunub.
   Bayram tədbiri gecə atəşfəşanlıqla başa çatıb.