Ölkəmizin dilbər guşələrindən olan Balakəndə yay mövsümü rayon sakinləri və qonaqlar üçün bir çox maraqlı tədbirlərlə yadda qalıb. Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, hələ mövsümün başlanğıcında insanların mənalı istirahəti üçün tədbirlər planı hazırlanmışdı. Bu xüsusda Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında hər həftənin şənbə və bazar günləri keçirilən konsert proqramları böyük maraq doğurub. Parka gələnlər bəstəkar və xalq mahnılarının ifaçılarından Burhan Rəşidov, İmran Əliyev, Könül Əliqayeva, Havva Anqbazova, Elmir Bürcəliyev, Natiq, Mehman Abbasovlar, saz ifaçısı Arif Qaballı, rəqqaslar Rəfael Atayev, Ramin Həsənov, İlahə Zaxmayeva, Bahar Əliqayeva və başqalarının çıxışlarını alqışlarla qarşılayıblar. Yay boyu Böyük Qafqaz dağlarının ətəyinə sığınıb Balakənçayın həzin zümzüməsinə uyuyan bu gözəl məkanın sakitliyini yalnız musiqi sədaları “pozub”. 26 İyun - Silahlı Qüvvələr Günü və 18 Avqust - Sərhədçilər Günündə hərbçilərin qarşısında təşkil edilən konsertlər də xoş xatirə kimi yaddaşlara köçüb.