“Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mərkəzə çevrilib”

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Beynəlxalq tədbirin keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. Forumun həmsədrləri Azərbaycan və Rusiya prezidentləridir.
III Bakı Beynəlxalq Humanitar Forumunda müxtəlif ölkələrdən nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər var.
Forumun açılışında çıxış edən Prezident İlham Əliyev artıq bu tədbirin gözəl ənənəyə çevrildiyini, ölkəmizdə beynəlxalq əməkdaşlıq məsələlərinə böyük diqqət göstərildiyini və humanitar əməkdaşlığın xalqları, ölkələri birləşdirdiyini vurğulayıb. Forumda 70 ölkədən 800-ə yaxın nümayəndənin iştirak etdiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mərkəzlərdən birinə çevrilib.
“Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi təbiidir. Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır”, - deyən Prezident İlham Əliyev ölkəmizin bütün dövrlərdə tolerantlıq məkanı kimi tanındığını və müasir Azərbaycanın da bu təməllər üzərində qurulduğunu bildirib.
Qeyd olunub ki, multikulturalizm budəfəki forumun mərkəzi mövzusudur.
Multikulturalizm Azərbaycanda dövlət siyasəti ilə yanaşı, həm də həyat tərzidir və bununla bağlı prinsiplər cəmiyyət tərəfindən dəstəklənir. Hazırda dünyada multikulturalizmin mühüm məkanları vardır və Humanitar Forumun Bakıda keçirilməsi bu istiqamətdə Azərbaycan təcrübəsini göstərir.
2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini, bu hadisənin böyük ictimai mənasının olduğunu, 2017-ci ildə isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev Azərbaycanın bütün zamanlarda Asiya ilə Avropa arasında körpü olduğunu vurğuladı. Dövlət başçısı bir daha əminliyini ifadə edib ki, bu Forum dünyada beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.

* * *
Rusiya Prezidenti Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini prezidentin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səsləndirib. BMT-nin baş katibi Ban Ki-Moonun müraciətini isə qurumun Bakıdakı rezident əlaqələndiricisi səlahiyyətlərini icra edən Daq Siqurdson diqqətə çatdırıb. Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti təqdim olunub.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada beynəlxalq humanitar əməkdaşlığa töhfə verdiyini deyib.
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl son illər Azərbaycanın elmin və iqtisadiyyatın inkişaf mərkəzinə çevrildiyini, bu tərəqqidə insan amilinin mühüm yer tutduğunu bildirib.

* * *
Sonra III Bakı Beynəlxalq Humanitar Forumunun birinci plenar iclası keçirlib.
İclasda iştirak edən sabiq dövlət başçıları bir sıra məsələlərə dair fikirlərini bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel ölkəsində həyata keçirilən islahatlardan danışıb, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırıb.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bildirib ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunaraq bunun inkişafın təməli və lokomotivi olduğunu deyib.
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğulayıb.
Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov Bakı Humanitar Forumunu ideyaların və təcrübə mübadiləsinin laboratoriyası kimi xarakterizə edib.
Serbiyanın keçmiş Prezidenti Boris Tadiç beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bu ideyanın alternativinin olmadığını qeyd edib.
Günün ikinci yarısında Forum müxtəlif mövzular üzrə dəyirmi masalarla işini davam etdirib.
Noyabrın 1-də başa çatacaq tədbirin proqramına “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” - ümumilikdə səkkiz mövzu üzrə dəyirmi masa daxildir.