Cəlal Nuhbala oğlu Nuhov 1930-cu ildə Quba rayonunun Gəray kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1949-cu ildə Quba Pedaqoji Məktəbini bitirdikdən sonra Xudat rayonu Xudatkənd yeddiillik məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Sonra Quba rayonunun kənd məktəblərində müəllim şagirdlərə rus dilini tədris edib. 1962-ci ildə Pyatiqorsk Dövlət Pedaqoji Dillər İnstitutunun dil-ədəbiyyat fakültəsini qiyabi olaraq bitirib.
C.Nuhov hələ gənclik illərindən jurnalist sənətinə böyük maraq göstərmişdir. Müəllim işləyərkən “Şəfəq” qəzetində xüsusi müxbir kimi çıxış edirdi. 1964-cü ildən respublikanın Əməkdar jurnalisti və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdu. 1965-ci ildən “Bakinski raboçi” respublika qəzetində xüsusi müxbir, “Nauka i religiya” jurnalının müxbir üzvü işləmişdir.
O həm də gözəl tədqiqatçı alim idi, fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və respublika Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı ilə də təltif olunmuşdur.
Cəlal müəllim jurnalistlik fəaliyyəti ilə yanaşı, bədii əsərlərin tərcüməsi ilə də məşğul olurdu. V.Kojevnıkovun “Qılınc və qalxan”, C.Oldricin “Diplomat” romanlarını, N.Suslovun “Abverin casusu”, İ.Andronikovun “Sizə söyləmək istəyirəm” əsərlərini rus dilindən Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Üç oğul və dörd qız atası olan Cəlal Nuhov 1986-cı ildə vəfat etmişdir. 40-45 il öncə onun təşəbbüsü və müraciəti əsasında kənddə tikilmiş mağaza-anbar binası indi xalça toxuma sexi kimi istifadə edilməkdədir. Onun işıqlı xatirəsi həmyerlilərinin, iş yoldaşlarının və oxucuların yaddaşında yaşayır.

C.Albantürk,
Quba rayonu