Cəsur əsgər Rahib Məmmədovun xatirəsi onun adını daşıyan Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbində anılıb.
Tədbir iştirakçıları əvvəlcə R.Məmmədovun məktəbin qarşısında ucaldılmış büstü önünə çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Rahib Məmmədovun müəllimləri və ailə üzvləri çıxış edərək onun mənalı ömür yolundan danışıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərib. Təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub.
Çıxışlarda vurğulanıb ki, Rahib Məmmədovun şücaəti gəncliyimiz üçün örnəkdir. Məktəblilərin ifasında şeirlər səsləndirilib.
Tədbir iştirakçıları sonra Döyüş şöhrəti muzeyində R.Məmmədova, Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus əşyalarla tanış olublar.