Balakən rayon Mərkəzi kitabxanasında hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş “Şəhidlik zirvəsi” adlı dəyirmi masa keçirilmişdir.
Tədbiri açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Mehriban Çuxova yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, dövlət müstəqilliyimizin qorunub saxlanmasında, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə balakənli gənclər də qəhrəmanlıq göstərmişlər, onların bir çoxu müqəddəs şəhidlik zirvəsinə yüksəlmişlər. Qarabağ müharibəsində 163 nəfər balakənli gənc şəhid, 118 nəfər əlil olmuşdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən şöbəsinin nümayəndəsi, baş leytenant Elvin Əliyev demişdir ki, balakənli gənclər ordu sıralarına həvəslə yollanır, nümunəvi xidmət edirlər.
Şəhid anası Umuksu Əsgərova üzünü tədbir iştirakçılarına tutaraq kövrək səslə dedi: “Mən 10 uşaq anası olmuşam. Oğlum Adil Vətən yolunda canını fəda edib. Övlad itkisi ağır olsa da, mən bu dərdə dözmüşəm. Çünki Vətəni qorumaq hamının borcudur. Vətən yoxsa, biz də yoxuq. Adilin üzünü görmədiyi körpə balası doğulandan bir ay sonra tələf oldu. Ağır xəstəliyə düçar olan həyat yoldaşı da dünyasını dəyişdi. Yəni, mənim gördüyüm əzablı günləri siz başa düşürsünüz. Respublika və rayon rəhbərliyinin bizim ailəyə olan diqqət və qayğısı dərdimi bir xeyli yüngülləşdirir. Şadam ki, vaxtı ilə oxuduğu Qazbinə kənd orta məktəbi oğlum Adil Əsgərovun adını daşıyır”.
Dəyirmi masada Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədr müavini, “Azərbaycan bayrağı” ordenli zabit Aydın Abdullayev, şair Xutra Ramazan, “Əsgər ailəsi” cəmiyyətinin Balakən şöbəsinin sədri, şairə Nəfisət Vahid, şəhər kitabxanasının müdiri Gülarə Muradova və digər çıxış edənlər şəhidlərimizin həyat yolunun xalqımız üçün qürur mənbəyi olduğunu vurğuladılar. Şair Xutra Ramazan vətənpərvərlik mövzusunda yazdığı son kitabını tədbir iştirakçılarına hədiyyə etdi.

Zeynəddin Həsənli,
“Balakən” qəzetinin məsul katibi