İrəvan Azərbaycan Dövlət Dram Teatrı Misir mütəfəkkiri Tofiq əl-Hakimin "Karıxmış sultan" əsəri əsasında hazırladığı "Hərraca qoyulmuş sultan" tamaşasını teatrsevərlərin ixtiyarına verib. Tamaşa Bakıdakı Misir Mədəniyyət Mərkəzinin (MMM) dəstəyi və mərkəzin direktoru, professor Adel Darvişin məsləhəti ilə gerçəkləşib. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev İrəvan Azərbaycan Dövlət Dram Teatrının 127-ci mövsümünün tamaşalarından olan bu əsərin özünəməxsusluğundan söhbət açdı. Daha sonra çıxış edən MMM-in direktoru Adel Darviş xalqlarımız arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın, teatrın rolundan danışdı, böyük Misir dramaturqu Hüseyn Tofiq əl-Hakimin həyat və yaradıcılığı barədə məlumat verdi. Rolları Namis Şirməmmədov, Məhərrəm Rzayev, Əjdər Zeynalov, Vaqif Kərimov, Süleyman Nəcəfov və başqaları ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Oruc Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Tarixi mövzuda yazılan bu əsərə müraciət heç də təsadüfi deyil. Əsər müasir səhnə yozumu, aktuallığı ilə də diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, Tofiq əl-Hakimi XX əsrin böyük ərəb ədiblərindəndir. O, müasir tənqidi meyarlarla ərsəyə gəlmiş ilk ərəb pyesinin ("əl-Kəhf əhli") və tənqidi meyarların uzlaşdığı ilk romanın ("Ruhun qayıtması") müəllifidir. Ədib teatr yaradıcılığına "Ağır qonaq" pyesi ilə başlayıb. Müəllif əsərlərində zamanın, xalqın, fərdin, qanunun, hakimiyyətin, sevginin, incəsənətin xüsusiyyətlərini vurğulamışdır. Onun teatr traktatı ərəb dünyasının qədim əxlaq və əqidəsini ifadə edir. Ədibin fikrincə, insanın ən böyük faciəsi öz taleyi qarşısında acizliyini dərk etməsidir. Onun məcazdan ustalıqla istifadə etmək məharəti var. "Hərraca qoyulmuş sultan" əsərində sultan taleyin hökmü ilə qul olur və hərraca çıxarılır. Uğrunda döyüşdüyü xalqının heç bir nümayəndəsi onu alıb azad etmək istəmir. Yalnız adı ləkəli bir varlı qadın onu satın alır. Sübut edir ki, sultanın qanunlarında boşluq var və hakim onları istədiyi zaman dəyişdirir. Əsərin sonunda sultan azadlıq qazanır. Turan