Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə uşaq ili elan edilən 2009-cu ildə Dövlət Akademik Opera və Balet Teatrı kiçik yaşlı tamaşaçılar üçün iki yeni tamaşa - Azərbaycanın əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun “Cırtdan” operası və Avstriya bəstəkarı İohan Ştrausun musiqisi əsasında “Düyməcik” baleti hazırlamağı nəzərdə tutur.
   “Cırtdan” operasının quruluşunu əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyev həyata keçirəcək. 

   Musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov olan operanın premyerası martın sonlarında baş tutacaq.
   Opera və Balet Teatrının rəhbərliyi İ. Ştrausun “Düyməcik” baletinin quruluşunu həyata keçirmək üçün isə Rusiyanın xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət edib. Balet tamaşasının musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət olunmuş Dmitri Çerbadjidir.
   Xatırlayırsınızsa, o, bir neçə ay bundan öncə böyük uğurla səhnəyə qoyulan “Yeddi gözəl” baletinin səhnə tərtibatını həyata keçirmişdi.
   Onu da qeyd edək ki, “Düyməcik” baleti Opera və Balet Teatrı ilə Bakı Xoreoqrafiya Məktəbinin birgə layihəsidir. Kiçik yaşlı izləyicilər üçün nəzərdə tutulmuş bu tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdiləri çıxış edəcəklər. Baletin quruluşu üzərində işlərin teatr mövsümünün sonuna kimi tamamlanması planlaşdırılır.
   Teatrın mətbuat katibi Şükufə Ağamirzəyeva quruluşu yüksək bədii səviyyədə həyata keçiriləcək hər iki tamaşanın gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsi və bədii-estetik zövqlərinin formalaşmasına xidmət etdiyini deyir. «Bu addım həm də onlarda uşaq yaşlarından akademik sənətə, opera və balet səhnəsinə məhəbbət aşılamağa yönəlib. Balaca tamaşaçılarımıza töhfə olacaq bu səhnə əsərlərinin uzun illər repertuarda yer alacağına və onlara sevinc bəxş edəcəyinə inanırıq».