Mansur Mansurovun nağılı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında başlayıb 
   
   Həmsöhbətim Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Mansur Mansurovdur. Deyir, nə az-nə çox düz 40- ildən çoxdur ki, bu aləmdə yol gedir...
  

   Yaxın dostunun dəvəti ilə 1970-ci ildə ADKT-yə gəlib. İlk günlərdən teatra bağlanıb. Dilsiz kuklaları hərəkətə gətirən, balaca tamaşaçılarla ünsiyyət qurmaqdan böyük zövq alan Mansur müəllim deyir: «Ailənin kiçik övladı olmuşam. Gözümü açandan məndən böyük olan bacı və qardaşımın oyuncaqları ilə oynamışam. Əvvəllər oyuncaq kuklaları həvəskar kimi hərəkətə gətirirdim. Qurduğum tamaşanın aktyoru da özüm olurdum. Sonradan bu həvəs məni teatr səhnəsinə gətirdi. Yəqin ki, hər bir aktyor mənimlə razılaşar: sənətdə irəli getmək üçün aktyordan səbir tələb olunur. Teatra gəldiyim ilk illərdə tamaşada rol almadım. Dublyor və ya köməkçi kimi işlədim. Sonradan mənə bir tamaşada nəinki baş rol, hətta iki-üç obraz da həvalə olundu”.
   
   Məşədi İbad Hindistanda
  
   Mansur müəllimin ilk rolu Ü.Hacıbəyovun “O olmasın, bu olsun” əsərində Məşədi İbad olub. Bu əsərlə dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edib. Hindistan, Daşkənd səfərlərində bu tamaşa böyük maraqla izlənilib. Müsahibimin dedikləri: “Onu da qeyd edim ki, 1979-cu ilin oktyabr ayında Anarın “Qaravəlli” əsəri səhnələşdirildi. Bu əsərlə də dünyanın bir çox ölkələrində rəğbət qazandıq. Yaxşı yadımdadır, Hindistanda bir ay qastrolda olduq. İyirmi beş gün idi ki, ardıcıl “O olmasın, bu olsun” tamaşası göstərilirdi. Bildiyiniz kimi, Hindistan çox isti ölkədir. Mənim səhnə geyimim qalın materialdan hazırlanmışdı. O zaman Məşədi İbad obrazının paltarı karikatura əsasında tikildi. Mənim fiziki görkəmim də balaca olduğuna görə tikilən paltara daha çox material istifadə edilmişdi. Yumuşaq paltar əzilməsin deyə əlimdə gəzdirməli olurdum. Düz 25 gün bu baltarla bütün Hindistanı gəzməli oldum”.  

   Yolumuz Daşkəndədir
  

   1980-ci ildə Daşkənddə keçirilən festivalda iştirak etdik. Bu səfərimiz də maraqlı keçmişdi. Əcnəbi tamaşaçılar olduqca emosionaldırlar. Tamaşa zamanı zalda gəzmək və ya sevinc hissini sərbəst şəkildə bildirməkdən çəkinmirlər. İndi bizim də tamaşaçılar arasında emosionallıq hiss olunur. Sovet dövründə isə bir qədər fərqli ab-hava var idi. Gülmək zamanı gülürdülər, alqış sədaları isə yalnız tamaşanın sonunda eşidilirdi. Qeyd edim ki, Kukla Teatrı 2004-cü ildə İranda keçirilən festivalda “Ələddinin sehrli çırağı” tamaşası ilə çıxış etmişdi. Orada Dövlət Kukla Teatrının yaradıcı kollektivinin üstünlüyü aydın hiss olunurdu. Bunu festivalın iştirakçıları da təsdiq etmişdi. Həmin festivalda təxminən 14-15 ölkənin kukla teatrı iştirak edirdi. İştirakçılar arasında dövlət teatrları ilə bərabər özfəaliyyət kollektivləri də var idi.
  
   Üç arzu
  

   Mansur müəllim 40 ildir yoldaşlıq etdiyi kuklaların hər birinin ona əziz olduğunu qeyd etdi. Əgər nağıl qəhrəmanlarından olan Cin onun qarşısına çıxsaydı ondan üç arzusunun gerçəkləşməsini istərdi: “Əvvəllər tamaşalar məktəbəqədər, məktəblilər və yuxarı siniflər üçün müəyyən edilirdi. Birinci arzum bu qaydaların yenidən bərpa olunmasıdır. İkinci arzum Kukla Teatrında nağıllarımıza daha çox yer verilməsidir. Tədricən bu arzum gerçəkləşir. Üçüncü arzum isə gənclərimizin peşəyə sevgi ilə yanaşmasıdır. Dünən bir, bu gün iki deyib qəzet, jurnal və televiziyada məşhurlaşmaq ardınca qaçıb, sənəti unutmasınlar. Ümumiyyətlə, mənim hər üç arzum teatrla bağlıdır və Cindən də yalnız bu istəklərimi reallaşdırmasını istərdim. Bir də yaxşı olardı ki, valideynlər uşaqlarının əlindən tutub teatra gətirsinlər. Bilmirəm mən teatrda işlədiyim üçün və ya hansısa bir səbəbdəndir, həmişə uşaqlarımın əlindən tutub teatra aparmışam. İndi də nəvələrimi aparıram. Qeyd edim ki, Kukla Teatrında M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri qoyulurdu. Mən də Müsyö Jordanı oynayırdım. Rejissor Rəhman Rəhmanzadə balaca qız obrazını oynamaq üçün aktrisa axtarırdı. Məsləhət gördü ki, qızım Səriyyəni bu obraza dəvət edək. O zaman Səriyyə orta məktəbdə oxuyurdu. Ona görə də bu rolun öhdəsindən gələ biləcəyindən ehtiyat edirdim. Ancaq düşündüyüm kimi olmadı. O, nəinki bu rolun öhdəsindən gəldi, hətta teatra o qədər bağlandı ki, gələcək peşəsini də burada seçdi. Maraqlıdır ki, “Cırtdan” tamaşasında Cırtdan obrazını da elə Səriyyənin oğlu oynadı. Bir vaxtlar qızım, indi də nəvəm teatrda rol aldı. Ancaq nəvəmin gələcəkdə aktyor olacağını indidən söyləmək tezdir. Hər şeyi gələcək göstərər”.
   O, «Məlikməmməd»də Məlikməmməd, “Cırtdan”da Div, “Ələddinin sehirli çırağı”nda Cin, “Bremin qardaşları”nda kral, qarabaş və quldurlardan birini oynayır. Kukla Teatrının aktyoru kimi ən böyük arzusu isə Ü.Hacıbəyovun “Arşın mal alan“ əsərində rol almaqdır. Bu cür tamaşaların oynanılmasını çox istəyir. Rəhman Rəhmanzadənin aktyor truppasını bir daha nəzərdən keçirib, yaxın gələcəkdə bu tamaşanı da səhnələşdirəcəyinə ümid edir.
  
   ŞƏMSİYYƏ